“Azərbaycan futbolunda strukturu biz təhlil etdik”
11.04.2013 - 14:11
“Azərbaycan futbolunda strukturu biz təhlil etdik”
Almaniyanın “Hannover-II” komandasının baş məşqçisi Tomas Flat Azərbaycan karyerasını xatırlayıb. Apasport.az-ın məlumatına görə, 4 ildir indiki vəzifəsini tutan 49 yaşlı mütəxəssis Almaniya Futbol İttifaqının (AFİ) rəsmi saytına müsahibədə ölkəmizdə çalışdığı dövrdən danışıb.

2008-ci ilin əvvəlində AFİ və AFFA ilə əməkdaşlıq çərçivəsində ölkəmizə gələn almaniyalı mütəxəssislər arasında olan Flat həmin vaxt “Bakı” klubunda 3 həftə çalışmışdı.

Paytaxtın eyniadlı təmsilçisində uşaq futboluna nəzarət və məşqçi seminarları ilə məşğul olan almaniyalı Xəzər sahilindəki dövrü yada salıb: “Mənim Azərbaycanda iş təcrübəm də var. Almaniya Futbol İttifaqının xətti ilə bu ölkəyə yollanmışdım. Mən ora ezam olunan kiçik qrupun tərkibində yer almışdım. Biz Azərbaycan futbolunda strukturu təhlil etdik. Bu, millimizin sabiq baş məşqçisi Berti Foqtsun 2008-ci ildə Azərbaycana getməsindən az əvvəl olmuşdu. Bundan sonra həmyerlimiz oranın yığmasının “sükanı arxasına” keçdi”.

Qeyd edək ki, hazırda Azərbaycan yığmasının müdafiəçisi Əli Gökdəmirin çalışdırıcısı olan Flat 2008-ci ildə Bakını tərk etdikdən sonra qısa müddət Nepal milli komandasının baş məşqçisi olub.