Faiq Əzizovun komandası 1/4 finala çıxdı
11.04.2013 - 14:30
Faiq Əzizovun komandası 1/4 finala çıxdı
Azərbaycan yığmasının sabiq məşqçisi Faiq Əzizovun çalışdığı Səudiyyə Ərəbistanın “Najran” klubu növbəti uğura imza atıb. Apasport.az saytının xəbərinə görə, Fars körfəzində yerləşən 6 ərəb ölkəsinin təmsilçisinin iştirak etdiyi turnirdə həmyerlimizin komandası 1/4 finala yüksəlib.

Belə ki, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Qətər, Küveyt, Səudiyyə Ərəbistanı və Oman klublarının qatıldığı “Gulf Clubs Championship”in qrup mərhələsinə yekun vurulub. B qrupunda yer alan “Najran” “Salmiye”ni 3:0 hesabı ilə məğlub edərək, qrupu ikinci pillədə qapayıb. Bu isə Səudiyyə Ərəbistanı təmsilçisinə mübarizəni davam etdirmək hüququ verib.

Vaxtilə “Bakı” və “Simurq”u, eləcə də əsas yığmamızı çalışdıran Qyoko Hacıyevskinin başçılıq etdiyi “Najran” yarımfinala gedən yolda “Al Faisaly”la üz-üzə gələcək. Bu klub da Səudiyyə Ərəbistanı təmsilçisi edir.

Qeyd edək ki, yuxarıda adlarını qeyd edilən ölkələrin hər birindən iki komanda yarışda iştirak edir. İştirakçılar hər birində 3 komanda olmaqla 4 qrupda mübarizə aparıb. İlk iki pilləni tutan komandalar 1/4 finala vəsiqə qazanıb.