Berti Foqtsu “yıxan” ay
11.04.2013 - 15:54
Berti Foqtsu “yıxan” ay
Berti Foqts Azərbaycan millisinin baş məşqçisi olduğu dövrdə FİFA reytinqində uğursuz tendensiya müşahidə olunur. Apasport.az saytının məlumatına görə, almaniyalı mütəxəssisin vaxtında aprel reytinqində adətən geriləyirik.

Belə ki, bu gün açıqlanan siyahıda millimizin 4 pillə gerilədiyi – 116-dan 120-yə düşdüyü açıqlandı. Hərçənd, Foqtsun komandası ötən ilin noyabrından bu yana sıralamada aşağı enmirdi. Həmin vaxt 111-dən 123-ə, yəni 12 pillə geriləmə olmuşdu.

Maraqlıdır ki, Foqts millimizə məhz apreldə gəlib. Azərbaycanda fəaliyyətinin 5 illik yubileyini qeyd edən 67 yaşlı çalışdırıcının təyinatından az sonra yığmamızın birdən-birə 18 pillə gerilədiyi – 119-dan 137-yə düşdüyü məlum oldu. Foqts 2009-cu ilin aprelində 6 pillə - 140-a düşməyə şahidlik etdi. Onun komandası bundan düz 1 il sonra mövqeyini dəyişməyərək, 110-da qaldı. 2011-ci ilin aprelində isə 8 pillə enmə - 100-dən 108-ə düşmə baş verdi.

Yalnız keçən ilin aprelində Foqtsun üzü güldü. Çünki onda reytinqdə 6 pillə irəliləyərək, 116-dan 110-a qalxmışıq.

Göründüyü kimi, apreldə millimizə gələn Foqts bu aydakı FİFA reytinqləri zamanı heç də xoş xəbər almır.