“Biz “Neftçi”nin arzusu ilə işləmirik!”
11.04.2013 - 16:41
“Biz “Neftçi”nin arzusu ilə işləmirik!”
AFFA İntizam Komitəsinin (İK) “Neftçi” - “Qarabağ” görüşü ilə bağlı çıxardığı qərarlar meydan sahibləri üçün gözlənilməz oldu. Klub 33200 manat cərimələnməklə yanaşı, baş məşqçi Böyükağa Hacıyev 10, seleksiyaçı məşqçi Bəxtiyar Musayev 5 oyunluq “texniki zona”da dayanmaq hüququnu itirdi. “Neftçi” tərəfi bununla bağlı apelyasiya şikayəti verib. Yayılan xəbərlərə görə, bu gün AFFA-nın inzibati binasında Apelyasiya və Ekspert Komitəsinin iclasında “Neftçi” klubunun şikayətinə baxılmalı idi. Apasport.az saytı buna aydınlıq gətirmək üçün AFFA-nın hüquqşünası Rəmiş Malıyevlə danışmaq qərarına gəldik.

- Yayılan xəbərlərə görə, bu gün “Neftçi” klubunun İntizam Komitəsinin çıxardığı qərarlardan şikayətinə baxılmalı idi. İclas oldumu, olmadısa nəyə görə?
- Bilirsiz, o iclasın olması ilə bağlı məlumatı biz verməmişik. Əgər iclas bizim komitədə olacaqsa, məlumat da biz tərəfdən açıqlanmalı idi. Ancaq şikayətçi tərəfin istəyidirsə, bu, başqa məsələ. Çünki “Neftçi” tərəfi istəyirdi ki, iclas bu gün keçirilsin. Ancaq komitənin öz iş qrafiki var. Biz hansısa tərəfin istəyi, arzusu ilə işləmirik. Apelyasiya şikayəti bizə daxil olub, hazırda araşdırılır, bu haqda komitə üzvləri də məlumatlıdır. İndi iclasın vaxtı müəyyənləşməlidir. Biz adətən iclasın nəticəsi haqda məlumat veririk. Ancaq komitənin iclasının vaxtı müəyyən olunan kimi bu haqda informasiya verməyə çalışacağıq. Yenə deyirəm, məlumat bizdən çıxmayıb. Bu, “Neftçi” rəsmisinin iddiasıdır. Ancaq biz komitənin iclasının tarixini hələ müəyyən etməmişik. Bu, həqiqətə uyğun deyil.

- Apelyasiya və Ekspert Komitəsinin iclası reqlamentə görə şikayət məktubu daxil olduqdan neçə gün sonra keçirilir?
- Bu, sənədlərin toplanmasından asılıdır. İntizam Komitəsində bəlli taym-limit var. Yəni qərar həftənin çərşənbə axşamı açıqlanır. Burda isə çalışan yoldaşlar futbola bilavasitə bağlı olmayan insanlardır. Ona görə də iclas bu gün də, sabah da və ya gələn həftə də ola bilər. Burda bəlli taym-limit yoxdur. “Neftçi” dünən şikayət edib, bu gün isə şikayətə baxılmasını istəyir. Ancaq iclasın vaxtını komitə müəyyənləşdirir.

- “Neftçi” rəhbərliyinin şikayəti əsasən nədən ibarətdir?
- Klub artıq istəyinin nə olduğunu bəzi saytlara açıqlayıb. Həm baş məşqçi Böyükağa Hacıyev, həm köməkçi məşqçi Bəxtiyar Musayev, həm də sarı vərəqə almış 2 futbolçu (Flavinyo və Araz Abdullayev - red.) ilə bağlı şikayət ünvanlayıblar. Onların əsas tələbləri bu şəxslərlə bağlı çıxarılan qərarlara yenidən baxılmasıdır.

- Futbolçularla bağlı tələblər aydındı: Onların sarı vərəqələrinin ləğvini istəyirlər. Bəs məşqçilərin cəzalarının konkret neçə oyuna qədər endirilməsini tələb edirlər?
- Bunu konkret göstərməyiblər. Ümumiyyətlə, İntizam Komitəsinin qərarları ilə köklü olaraq razı qalmayıblar. Amma şikayət etmək onların haqqıdır.

- Bildiyimizə görə, yalnız penalti epizoduna və İqor Mitreskinin qırmızı vərəqə almasına görə şikayətçi deyillər...
- Elədir. Düzdür, 11 metrlik zərbə ilə bağlı onların müəyyən iradları vardı, tam razı deyildilər. Ancaq şikayətdə penalti ilə bağlı narazılıq bildirməyiblər. Bilirsiz, “Neftçi”ni başa düşmək lazımdır. Onlar bunu səhv qərar bilirsə, şikayətlərini təbii qəbul etmək lazımdır.

- Təxminən iclasın vaxtının nə vaxt olacağı bilinirmi?
- Ola bilər, bu gün olsun.

- Bu gün olmaq ehtimalı varsa, deməli, artıq iş üzrə bütün sənədlər toplanıb...
- İlkin sənədlər artıq İntizam Komitəsindədir. Bu qurumda çalışanların bir neçəsi futbol təsərrüfatında olan insanlardır. Ancaq bizim komitənin üzvlərinin əksəri qeyri-futbol adamlarıdır. Onların bir araya gəlməsi lazımdır. Ehtimal ola bilər ki, bu gün də olsun. Ancaq dəqiq tarix bəlli deyil.

Səbuhi TOFİQOĞLU