Millimiz həftənin 6 günü oynaya biləcək!
11.04.2013 - 17:11
Millimiz həftənin 6 günü oynaya biləcək!
UEFA 2016-cı il Avropa və 2018-ci il dünya çempionatının seçmə mərhələ oyunları ilə bağlı islahatlarını davam etdirir. Apasport.az saytının məlumatına görə, milli komandaların oyunlarının teleyayımı ilə bağlı Avropa Yayım İttifaqı ilə müqavilə imzalayan qitə futbol qurumu oyun günlərində də dəyişiklik edib.

Belə ki, cari seçmə mərhələdə oyunlar həftənin 2 günü - cümə və çərşənbə axşamı keçirilirdisə, Avro-2016 və DÇ-2018-də 6 gün olacaq. Yəni çərşənbə istisna olmaqla, hər gün seçmə mərhələ oyununun keçirilməyi mümkündür. Oyunların saatları da müəyyənləşib. Belə ki, şənbədəki matçlar Mərkəzi Avropa vaxtı ilə saat 18:00-da (Bakı vaxtilə 21:00), qalan günlər saat 20:45-də (Bakı vaxtilə saat 23:45) başlayacaq.

UEFA-nın baş katibi Canni İnfantino belə islahatları azarkeşlər üçün etdiklərini deyir: “Onlar əvvəlkindən fərqli daha çox oyun izləmək imkanına malik olacaq. Buna görə Avropadakı yığmaları 1 gündə oynamağa məcbur etməyərək, matçları bir neçə günə bölüşdürdük. Belə olan halda, 1 gündə 25-30 oyunun əvəzinə futbol həftəsində hər gün 8-10 matç keçiriləcək”.

Qurum rəsmisi Azərbaycanın da iddia etdiyi Avro-2020-nin final mərhələsi haqda fikirlərini açıqlayaraq, detallardan danışıb: “13 millinin azarkeşləri oyunları öz ölkələrində görə biləcək. Komandalar öz meydanında minimum 2 matç keçirəcək. Hər qrupda 2 təşkilatçı şəhər olacaq. Onlar arasında məsafə 2 saatdan artıq olmayacaq”.