Fatih Terim üçün mövsüm başa çatdı
11.04.2013 - 22:10
Fatih Terim üçün mövsüm başa çatdı
“Qalatasaray”ın baş məşqçisi Fatih Terimə sərt cəza verilib. Apasport.az saytının məlumatına görə, buna Türkiyə Superliqanın son turunda keçirilən “Mersin İdmanyurdu” matçında hakimləri təhqir etməsi səbəb olub.

Belə ki, sözügedən ölkənin futbol federasiyasının İntizam Komitəsi təcrübəli çalışdırıcıya oyun zamanı hakimin üzərinə gəldiyi üçün 1, referini təhqir etdiyi üçün 3, federasiya nümayəndəsini təhqir etdiyi üçün 3 oyun olmaqla, ümumilikdə 7 matçlıq cəza verib.

Bundan başqa, ötən mövsüm təxirə salınan 2 oyunluq cəza da bunlara əlavə olunub. 9 matçlıq cəzalandırılan Terimə əlavə 50 min lirə də cərimə kəsilib.

Bununla da “Cim-Bom”un çalışdırıcısı üçün mövsüm başa çatmış olub.

Qeyd edək ki, İntizam Komitəsi Terimin köməkçilərindən Həsən Şaşa 2 oyunluq cəza və 20 min lirə, Ümid Davalaya 1 matçlıq cəza və 10 min lirə, həmçinin idmançıya yaraşmayan hərəkətinə görə “Qalatasaray”ın futbolçusu Səbri Sarıoğluya isə 10 min lirə cərimə kəsib.