Mansurov və Genov siyahıya daxil oldular, Poladov debüt etdi
22.04.2013 - 20:46
Mansurov və Genov siyahıya daxil oldular, Poladov debüt etdi
Topaz Premyer Liqasının XXVII turu çərçivəsində “İnter”in “Simurq”la keçirilən matçında bir sıra statistik göstəricilərlə yadda qalıb. Apasport.az-ın klubun saytına istinadən məlumatına görə, Zaqatala təmsilçisi ilə oyunda dubl etməklə fərqlənən bolqarıstanlı yarımmüdafiəçi Daniel Genov və çempionatda ilk dəfə əsas heyətdə meydançaya çıxan və ikinci hissədə “Simurq”un qapısından qol keçirən “bankirlər”in gənc forvardı Ramil Mansurov klubun tarixi ərzində bu turnirdə fərqlənə bilmiş “İnter”in sayca 71-ci və 72-ci futbolçuları olublar.

Mövsümün gedişində bu siyahıya əvvəllər Georgiya Adamiya, Slavço Georgiyevski, Yuri Fomenko, Fuad Bayramov və artıq “İnter”dən ayrılmış Cako Arafat düşmüşdülər.

Bundan başqa, bu oyun “İnter”in qapıçısı Elşən Poladovun debüt etməsilə də yadda qalıb. Daha doğrusu, bu qapıçının komandanın heyətində çempionata qayıtması ilə diqqəti cəlb edib. Belə ki, Elşən Poladov 2006/2007-ci il mövsümündə “İnter”in qapısını qorumuşdu.

Qeyd edək ki, Kaxaber Tsxadadzenin çempionatın 27 oyununda istifadə etdiyi futbolçuların sayı 29-a çatıb. Paytaxt klubunun heyətində daha çox meydançada olan futbolçu Slavço Georgiyevskidir - 2306 dəqiqə. Ən az oynayan gənc yarımmüdafiəçi Coşğun Diniyevdir - 15 dəqiqə.

“İnter”in ən yaxşı bombardiri 7 qolla Baçana Tsxadadzedir. Təqribən hər 259 dəqiqən bir qol vurur. Ən çox sarı vərəqə alan futbolçu Vladimir Levin və Slavço Georgiyevskidir - 8.

“Simurq” üzərində 5:0 hesablı qələbə “İnter”in tarixində sayca 4-cüdür.

Belə ki, 2005/2006-cı il mövsümündə komanda doğma stadionda “Gəncə”ni 5:0 hesabı ilə məğlub edib. Növbəti mövsümdə “İnter” Tovuzun “Turan” komandasına 1:7 hesabı ilə qalib gəlib və 2009/2010-cu il mövsümündə Kaxaber Tsxadadzenin yetirmələri səfərdə “Muğan”ı 1:6 hesabı ilə darmadağın ediblər.