“Xəzər Lənkəran”ın son gülləsi
23.04.2013 - 09:50
“Xəzər Lənkəran”ın son gülləsi
Sabah Azərbaycan kubokunun finalçıları müəyyənləşəcək. Apasport.az saytının məlumatına görə, Bakı və Lənkəranda baş tutacaq yarımfinalın cavab oyunları mayın 28-də həlledici matçın iştirakçılarına aydınlıq gətirəcək.

İlk qarşılaşmalarda meydan sahibləri minimal üstünlük qazansalar da, bunlar fərqlidir. Belə ki, “Qarabağ” səfərdə qol vurduğundan, cavab oyununda istəyinə çatmaq üçün 1:0 hesablı qələbə də yetərlidir. Ancaq “Xəzər Lənkəran” həmin hesabla qalib gələrsə, cütün taleyini aydınlıq gətirmək üçün əlavə vaxta ehtiyac olacaq.

“Qarabağ”la “Neftçi” “altılıq”da da rəqib olduqlarından, cari mövsümdə artıq 5-ci dəfə üz-üzə gələcək. Bakılıların ev oyunları qalmadığından, qalan 2 matç “Qarabağ”ın meydanında olacaq. Arxada qalan 4 oyunda ağdamlılar 3 dəfə qələbəni bayram etməklə, böyük üstünlüyə malikdir. Prinsipial rəqiblərin çempionluq uğrunda da mübarizə aparmaları kuboka marağı daha artırır. Yəni “Neftçi” ilə “Qarabağ”dan hər birinin mövsümü “qızıl dubl”la başa vurmaq şansı böyükdür. “Ağ-qaralar” ötən mövsüm finalda oynayıbsa, “Qarabağ” buna 4 ildən sonra nail ola bilər. Ağdamlılar 2009-cu ildə həlledici matçda “İnter”ə qalib gələrək, kuboku qazanıb.

“Xəzər Lənkəran”la “Bakı” üçünsə Avropaya çıxmaq şansı məhz kubok olduğundan, daha gərgin mübarizə gözlənilir. Lənkəranlılar ikinci “altılıq”da oynadıqlarından, çempionatdan əllərini tam üzərək, hazırkı yarışa son şans kimi baxırlar. “Bakı”nın isə Avropa Liqasına çempionatdan nəzəri şansı 4-cü yeri tutmaqla qalıb ki, bu da kubokun qalibindən kimin olacağından asılıdır.

İstənilən halda, “zolaqlılar”ı əsas bu turnir maraqlandırdığından, finala çıxmaq üçün Lənkəranda bütün gücünü qoyacaq. “Bakı” ötən mövsüm ölkə kubokunun qalibi olduğundan titulunu qorumaq iddiasındadırsa, lənkəranlılar 2 ildən sonra həlledici oyunun iştirakçısı olmaq istəyir. Onda cənub təmsilçisi kubokun qalibi olaraq, sonuncu titulunu qazanıb.

24 aprel
19:00. “Xəzər Lənkəran” – “Bakı”
Lənkəran. Şəhər mərkəzi stadionu
İlk oyun – 0:1

21:00. “Qarabağ” – “Neftçi”
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
İlk oyun – 1:2