Amit Quluzadə “xəbər istehsalı”na başladı
23.04.2013 - 11:14
Amit Quluzadə “xəbər istehsalı”na başladı
21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının üzvü Amit Quluzadə mövsüm başa çatmamış klub axtarışına çıxıb. Apasport.az saytının məlumatına görə, “Qəbələ”nin son oyunlarında baş məşqçi əvəzi Luis Araqona lazım olmayan yarımmüdafiəçinin yay “transfer pəncərəsi” dövründə komandadan qovulacağı gözlənilir.

Elə bu üzdən Quluzadə yeni komanda ilə bağlı addımlar atmağa başlayıb. Yerli futbolçulara xas olan şəkildə özünü reklam etdirən futbolçu Türkiyə klublarının maraq dairəsində olduğu haqda xəbərlər “istehsal edib”. Vaxtilə qonşu ölkənin “Fənərbaxça” klubunda baxışda da olan, sonradan aşağı dəstə təmsilçisi “Ərciyəsspor”da heyətə düşməkdə çətinlik çəkən orta sahə oyunçusu yenidən xaricə getmək həvəsinə düşüb.

Qeyd edək ki, bu qış “Qəbələ”yə transfer olunan yarımmüdafiəçi 6 çempionat matçında meydana çıxıb. Son turlarda futbolçunun “18-liy”ə düşməməsi zədəsi ilə də izah olunur.