“Yerli məşqçilər Toşak kimi velosiped sürməzlər”
23.04.2013 - 12:33
“Yerli məşqçilər Toşak kimi velosiped sürməzlər”
“Xəzər Lənkəran”ın baş məşqçisi Con Toşak Azərbaycanda olduğu qısa vaxt ərzində digər mütəxəssislərdən fərqlənməyə bacardı. Bəzi həmkarlarının bahalı avtomobillərə üstünlük verməsinə baxmayaraq, 64 yaşlı çalışdırıcı Lənkəranda velosipedlə gəzir. Uelslinin bu addımı isə ölkəmizdə birmənalı qarşılanmır. Bəs görəsən, digər məşqçilər Toşakın velosiped sürməsini necə qiymətləndirirlər?

Valentin Xodukin: “Toşak fərqli təfəkkürə malik insandı. Belə şeylərə əhəmiyyət vermir və sağlamlığını düşündüyü üçün velosiped sürür. Amma yerli məşqçilər belə etməz. Çünki kənardan onlara güləcəyini düşünərlər. Elə mən də şəhəri velosipedlə gəzməzdim. Toşak isə heç kimin ona gülməyəcəyini düşünür. Mənə gəlincə, yalnız trenajor zalında velosiped sürdüyümü xatırlayıram. Sonuncu dəfə hardasa 10 il əvvəl olub”.

Ağasəlim Mircavadov: “Normal qarşılayıram. Avropada insanların velosipedlə gəzməsi adi haldı. Toşak da canının sağlığını düşündüyündən belə edir. Düzdür, bölgədə bir az çətindir. Camaat hay-küy sala, narazılığını nümayiş etdirə bilərlər. Lakin avropalılar belə şeylərdə çox sadədirlər. Bizim məşqçilər heç vaxt belə etməz. Çünki camaat buna sərt reaksiya verər. Mən də cavanlığımda çox velosiped sürmüşəm. Elə “Xəzər Lənkəran”ın baş məşqçisi kimi ölkə xaricindəki təlim-məşq toplanışlarında da əlimə velosiped düşəndə sürmüşəm. Lakin stadiona, məşqə getməmişəm”.

Əsgər Abdullayev: “Mən heç vaxt başqa məşqçiləri müzakirə etməmişəm. Həm də ki, çalışdırıcıya işinə, nəticəsinə görə qiymət vermək lazımdır. Yoxsa ki, istəyər velosiped sürər, istəyər “samokat”. Əsas məşqçinin işidir. Əslində isə Toşak öz sağlamlığını düşündüyündən velosiped sürür. Bizdə isə daha çox bahalı maşınlar sürməyi düşünürlər. Özüm nəinki baş məşqçi kimi işlədiyim vaxtlar, heç cavanlığımda da velosiped sürməmişəm. Sadəcə bir misal çəkim: Avropalı məşqçilər hazırlıq zamanı şort geyinirlər. Amma bu, bizdə o qədər qəbul olunmur”.

Elxan Abdullayev: “Toşakın velosipedlə gəzməsinə normal baxıram. Sadəcə, bizdə buna bir az pis yanaşırlar. Çünki öyrəşməmişik. Əslində, sağlamlıq üçün də yaxşıdır, ekoloji cəhətdən də təmizlikdir. Mən Slovakiyada 3 il yaşadığım vaxt hətta qoca qadınlar da velosipedlə gəzirdilər. Elə mən də orda olanda velosiped sürürdüm. İndi də burada velosiped sürərdim. Bunda pis şey görmürəm. Ayıb şey də yoxdur. Amma velosiped sürməyə qorxardım. Çünki Avropada yolların kənarında velosipedçilər üçün xüsusi 1-2 metrlik zolaqlar var. Bizdə isə yoxdur. Bu üzdən velosipedlə yola çıxmaq çox qorxulu, təhlükəlidir. Maşın vura bilər, qaranlıqda bu təhlükə lap artır. Yoxsa məmnuniyyətlə velosipedlə gəzərdim”.

Əfqan Talıbov: “Toşakın işinə qarışa bilmərəm ki... Dünya şöhrətli mütəxəssisdir. Yəqin ki, öz qrafiki, planları var. İstəyər velosipedlə gəzər, istəyər piyada. Mən nə deyə bilərəm? Bu, onun öz həyat tərzidir. Hərənin öz baxışları, öz tərzi var”.

Nadir Qasımov: “Velosiped sürməyin işə nə dəxli? Toşak cansağlığını, fiziki durumunu fikirləşir, bu üzdən velosiped sürür. Bu, insana o qədər xeyirlidir ki... Xüsusilə, yaşlı insanlar üçün. Velosiped sürmək ürək-damar sisteminə də xeyirdir. Mən elit-məşq çərçivəsində Norveçdə olanda gördüm ki, hər maşının arxasında velosiped aparırlar. Maraqlananda bildim ki, onlar meşəyə gedəndə avtomobili kənarda saxlayır. Çünki meşəyə yalnız velosipedlə buraxırlar ki, maşın ora ziyan vurmasın. Ya da “Bakı Fəhləsi” ilə Yunanıstan gedəndə orada gördüklərim... Holland məşqçi məni qaldığı evə dəvət etdi. Getdim. Hər gün 1 saat velosiped sürməli olduğundan hovuzun kənarında sükan arxasına keçdi. Mən də onu gözlədim. Ümumiyyətlə, Avropada başqa cürdür. Deyə bilmərəm niyə, amma bizdə bu qəbul olunmayıb. Bizdə isə gedib trenajorda velosiped sürürlər, lakin yolda sürməyi yalnız cavanlara uyğun sayırlar. Hərçənd fiziki durum üçün bu çox xeyirlidir. Elə bizim məşqçiləri götürək. Hazırlıq qurtaran kimi otururlar çay içməyə, ya da televizora baxırlar. Mən özüm cavanlıqda o qədər velosiped sürmüşəm ki... Daim həmyaşıdlarımla ötüşürdük”.