AFFA Flavinyonu cəzalandırdı
23.04.2013 - 16:05
AFFA Flavinyonu cəzalandırdı
AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda Topaz Premyer Liqasının XXVII turunun qarşılaşmalarında baş verən xoşagəlməz hadisələr də müzakirə olunub.

“Bakı” – “Qarabağ” oyununda meydan sahiblərinin, “Kəpəz” – “Turan” və “İnter” – “Simurq” matçlarında 4 futbolçusu sarı vərəqə ilə cəzalanan qonaqlar hərəyə 1000 manat cərimə olunub. Zaqatala təmsilçisi oyunun 30-cu dəqiqəsində qırmızı vərəqə alaraq meydandan qovulan Mario Bojiçə görə də xərcə düşüb. Futbolçu 1 oyunluq cəzalanmaqla yanaşı, klubunu 200 manat cəriməyə məruz qoyub.

“Neftçi” – “Qəbələ” görüşündə hər 2 komanda cəzalanıb. “Qəbələ”nin futbolçusu Aleksandr Çertoqanov 65-ci, “Neftçi”nin üzvü Flavinyo 66-cı dəqiqədə 2-ci sarı vərəqə görə meydandan qovulduqları üçün 1 matçlıq cəzalanıblar. Klublar bu oyunçulara görə 200 manat cərimələnib.

“Xəzər Lənkəran” – “Sumqayıt” qarşılaşmasında meydandan qovulanların da taleyi eyni olub. 86-cı dəqiqədə qonaqları azlıqda qoyan Taner Taktak və 90+2-ci dəqiqədə meydan sahiblərinin heyətində qırmızı vərəqə alan Dmitrios Sialmas hərəyə 1 oyunluq “istirahət qazanıb. Klubları onlara görə 200 manat ödəməli olacaq.