“Qaraçala”nı niyə “Qaradağ Lökbatan” əvəzləyib?
24.04.2013 - 17:25
“Qaraçala”nı niyə “Qaradağ Lökbatan” əvəzləyib?
“Qaraçala” ötən mövsüm həvəskarlar arasında çempion olmaqla, UEFA Regionlar Kubokunda ölkəmizi təmsil edir. Amma bu komandanın bəzi futbolçuları turnirə gedə bilmədiyi üçün “Qaradağ Lökbatan”a müraciət etdik. Həmin komanda bir neçə futbolçusunun “Qaraçala”nın heyətində yer almağına imkan yaratdı”. Bu fikirləri apasport.az saytına açıqlamasında Azərbaycan Sahə Futbol Federasiyasının vitse-prezidenti Rüfət Əmirov deyib.

O, “Qaraçala”nın UEFA Regionlar Kubokunda I divizion təmsilçisi “Qaradağ Lökbatan”in üzvləri ilə təmsil olunmağına münasibət bildirib.

Belə ki, həmin komandanın əksər futbolçuları, həmçinin baş məşqçisi Adil Mahmudov Litvada keçirilən turnirdə “Qaraçala”nın heyətində yer alıb. Əmirovun sözlərinə görə, Mahmudovun gedişi bir növ məcburiyyətdən olub: “Qaraçala”nın baş məşqçisi turnirə getmək istəyirdi. Ona hətta bilet də alınmışdı. Ancaq anasının səhhəti kəskin pisləşdiyi üçün gedə bilmədi. Bu zaman “Qaradağ Lökbatan”ın bir neçə futbolçusunun “Qaraçala”nın heyətində olduğunu nəzərə alaraq, onun baş məşqçisi Adil Mahmudovun turnirə yollanmağını məqsədəuyğun saydıq. Turnirdə peşəkar futbolçuların çıxış etməyinə gəlincə, burada hamısı həvəskarlar deyil. Orada hətta elə ölkələr var ki, komandaları II divizionda çıxış edir”.

Qeyd edək ki, “Qaraçala” az öncə başa çatan 2-ci oyununda da qalib gələrək, bu dəfə Makedoniya təmsilçisini 2:0 hesabı ilə üstələyib.