Demyanenkonu qovdular, “Simurq”un sabiq baş məşqçisini gətirdilər
24.04.2013 - 17:58
Demyanenkonu qovdular, “Simurq”un sabiq baş məşqçisini gətirdilər
Azərbaycan milli çempionatında baş məşqçi işləmiş ukraynalılar “Volın” klubunda bir-birini əvəzləyib. Apasport.az saytının məlumatına görə, Ukrayna Premyer Liqa təmsilçisi Anatoli Demyanenkonu istefaya göndərib. Klub rəhbərliyi 54 yaşlı mütəxəssisdən uğursuz çıxışa görə postundan getməyi tələb edib.

Buna razılıq verən Demyanenkonun görüşüb vidalaşdığı futbolçular artıq yeni çalışdırıcı ilə işlədiklərini təsdiqləyiblər. Bu, “Simurq”un sabiq baş məşqçisi Anatoli Piskovetsdir. O, 2005-ci ildə yaradılan Zaqatala klubunun ilk çalışdırıcısı kimi tarixə düşərək, ona I dəstədə rəhbərlik edib.

Qeyd edək ki, Demyanenko 2008-ci ilin yanvarından sentyabrına kimi “Neftçi”də işləyərək, çempionatımızın bürünc medalçısı olub. Azərbaycan klubuna qitə miqyaslı turnirdə ilk dəfə 2 mərhələ adladan mütəxəssis buna İntertoto kubokunda nail olub.