Fərid Quliyev: “Kəpəz”də oynamaq fikrim yoxdu - MÜSAHİBƏ
24.04.2013 - 23:17
Fərid Quliyev: “Kəpəz”də oynamaq fikrim yoxdu - MÜSAHİBƏ
“Kəpəz” klubunun hücumçusu Fərid Quliyevin apasport.az saytına müsahibəsi

- Komandanızın I diviziona düşməsi artıq rəsmiləşib. Bu amil düşərgədəki ab-havaya necə təsir edib?
- Düzdü, “Kəpəz” yeni mövsümə I divizionda başlayacaq. Lakin qarşıda hələ oyunlarımız var. Bu o demək deyil ki, əlimizi yanımıza salıb, oturaq. 5 oyunumuz qalıb.

- Bu vəziyyətdə futbolçular oyunlara necə motivasiya olurlar?
- Motivasiya futbolun ayrılmaz hissəsidir. Aşağı dəstəyə düşmüşük deyə, qalan oyunları yola verməli deyilik ki... “Kəpəz”in adı, tarixi var. Ən azı buna görə qalan oyunlarda mübarizə aparmalıyıq. Təbii ki, qələbə qazansaq yaxşı olar.

- Qarşıdan “Sumqayıt”la görüş gəlir. Rəqibə çempionatdakı yerini qorumaq üçün qələbə lazımdır. “Kəpəz” onlara müqavimət göstərə biləcəkmi?
- Turnir cədvəlindəki vəziyyət elədir ki, “Sumqayıt”a hər oyunda xallar qazanmaq lazımdır. Bunu bilirik. Onlardan fərqimiz ondadır ki, təzyiq altında olmayacağıq. Meydana rahat çıxacağıq. Rəqib isə əksinə, mütləq qələbə qazanmağa köklənəcək.

- İkinci “altılıq” oyunlarında da xal qazana bilmirsiniz. Futbolçular arasındakı səviyyə fərqi bu qədər çoxdur?
- Bu barədə şərh verməyim düzgün çıxmaz. Buna baş məşqçi cavab verə bilər. Bizimki də belə alındı.

- Gələcək karyeranızla bağlı qərar vermisiniz?
- “Kəpəz”də oynamayacağım dəqiqdir. Çünki komanda aşağı dəstəyə yuvarlanıb, mən isə I divizionda çıxış etmək istəmirəm. Mayda müqaviləm başa çatacaq. Bundan sonra gələcək karyeram haqda düşünəcəm.

- Xidmətində maraqlı olan komanda varmı?
- Hələ səs-soraq yoxdur.

- Təklif almasaz, “Kəpəz”də qalmaq ehtimalı var?
- Bu haqda düşünməmişəm. Yenə deyirəm, I divizionda oynamaq istəmirəm. Hələ mövsüm başa çatdıqdan sonra vaxtımız olacaq.

- Bəs “Kəpəz”ə yol yoldaşı hansı komanda olacaq?
- Proqnoz vermək çətindir. Əsas mübarizə “Turan” və “Sumaqyıt” arasında gedəcək. Həlledici məqam bu komandalar arasında keçiriləcək oyun olacaq. Çünki xal fərqi bir oyunda aradan qaldırılacaq qədər azdır.

- Hansı komandanın Premyer Liqada qalmaq şansını yüksək qiymətləndirirsiz?
- “Sumqayıt”ı. Çünki hazırda onlar “Turan”dan iki xal çox toplayıblar. Necə olacağını isə zaman göstərəcək.