“Xəzər Lənkəran” “Neftçi”nin yox, öz gücünə avrokuboklara getmək istəyir”
25.04.2013 - 09:51
“Xəzər Lənkəran” “Neftçi”nin yox, öz gücünə avrokuboklara getmək istəyir”
“Avrokuboklara getməyimiz üçün əzəli rəqibimiz “Neftçi”nin çempion olmasına azarkeşlik etməyəcəyik”. Bunu apasport.az saytına “Xəzər Lənkəran”ın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu deyib.

“Xəzər Lənkəran” dünən “Bakı”ya qalib gəlməklə ölkə kubokunun finalına adını yazdıran ilk komanda oldu. “Neftçi”nin “Qarabağ”la heç-heçə etməsi isə cənubluların finalda əzəli rəqiblə üz-üzə gələcəyini rəsmiləşdirdi. İndi “Xəzər Lənkəran”ın avrokuboklara getmək şansı “Simurq”, “Bakı” və “Qəbələ”yə nisbətən daha çoxdur. Çünki cənublular “Neftçi”yə yeniləcəyi halda belə, kubokun finalçısı kimi avrokuboklara gedə bilər. Bir şərtlə ki, bakılılar sonda çempion olsun...

Bəs görəsən, “Xəzər Lənkəran” camiəsi avrokuboklara getmək üçün əzəli rəqibi olan “Neftçi”nin çempion olmasını arzulayırmı? Cəbrayıloğlunun bu məsələyə münasibətini dinləyək: “Düşünürəm ki, əzəli rəqibə azarkeşlik etmək lazım deyil. Onsuz da “Neftçi”nin çempion olmayacağına inanmıram. Məncə, “ağ-qaralar” liderliyi sonadək əldən verməyəcək. Həm də ki “Xəzər Lənkəran” “Neftçi”nin yox, öz gücünə avrokuboklara getmək istəyir. Heç kəsdən asılı olmaq istəmirik. Kubokun finalında bu komandaya qalib gəlsək, kimin çempion olmasından asılı olmayaraq Avroliqada çıxış edəcəyik”.

Səbuhi TOFİQOĞLU