“Azərbaycanda bəzi futbolçular İngiltərədə oynaya bilər”
26.04.2013 - 09:46
“Azərbaycanda bəzi futbolçular İngiltərədə oynaya bilər”
“Azərbaycana gedəndə düşünürdüm ki, “Qəbələ” legioner karyeramda sonuncu klub ola bilər. Toni Adamsın məni komandasında görmək istədiyini biləndə yeni ölkə ilə tanış olmaq istədim”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin sabiq futbolçusu Deon Barton deyib.

Yamayka milli komandasının sabiq hücumçusu İngiltərənin “Gillinqem” klubunun şərəfini qoruyur. Bu komanda ilə Liqa 2-də (İngiltərənin 4-cü dəstəsində) çempion olan Deon Böyük Britaniya mətbuatına müsahibə verib. Cari mövsüm aşağı dəstədə 13 qol vuran yamaykalı Azərbaycan karyerası haqda da danışıb: “Azərbaycan Premyer Liqasının ümumi səviyyəsi təxminən İngiltərənin 3-cü dəstəsi olan Liqa 1 ilə müqayisə oluna bilər. Bəzi futbolçular əsasən də braziliyalılar isə Çempionşipdə də asanlıqla oynaya bilər”.

Barton ölkəmiz haqda xatirələrini də həmkarlarımızla bölüşüb: “Qəbələ çox gözəl yerdir. Təlim-məşq bazası dağların ətəyindədir. 30 dərəcə istidə məşq edəndə də dağların zirvəsində qar görünür. Qəbələ böyük bir kəndi xatırladır. İstirahət günlərində paytaxt Bakıya yollanırdıq. Bu şəhər çox gözəldir. Orada istədiyiniz şeyi tapa bilərsiniz. Hətta “Makdonalds” da var”.

“Azərbaycan karyeram mənim üçün böyük təcrübə oldu. Biz legionerlər oteldə qalırdıq. Bu üzdən vaxtımızı birgə keçirdiyimizdən xeyli dost qazandım. Ailəmi İngiltərədə qoymuşdum. Buna səbəb uşaqları məktəbə getməsi idi. Lakin həmişə karyeramı İngiltərədə başa vurmaq istəyirdim. Düşünürəm ki, ötən yay qayıtmasaydım artıq unudulacaqdım. Mən yenidən özümü sübut etməliydim”.

Qeyd edək ki, Deon 2010-12-ci illərdə “Qəbələ”nin şərəfini qoruyub.