Yığmamızın məşqçisindən “Xəzər Lənkəran”lılara təbrik
26.04.2013 - 11:39
Yığmamızın məşqçisindən “Xəzər Lənkəran”lılara təbrik
Karyerasını Azərbaycan futbolunda davam etdirən ispaniyalılar bir-birinin uğurlarına biganə qalmır. Apasport.az saytının məlumatına görə, iki ispaniyalı futbolçunun çıxış etdiyi “Xəzər Lənkəran”ın Azərbaycan kubokunun finalına yüksəlməsinə həmyerliləri də sevinib.

19 yaşadək qızlardan ibarət milli komandamızın ispaniyalı məşqçisi Rikardo da Silva yarımfinalda “Bakı”nı məğlub edən cənubluların heyətindəki pireneylilərə təbrikini göndərib. Baş məşqçi Patrisiya Qonzalesin köməkçisi “Xəzər Lənkəran”ın şərəfini qoruyan qapıçı Toni Doblas və müdafiəçi Alvaro Silvanın uğuruna sevindiyini gizlətməyib: “Azərbaycan kubokunun finalında 2 ispaniyalı futbolçu olacaq. Onların hər ikisini və komandanın bu uğurunda əməyi olan sabiq məşqçisi Erik Roketanı təbrik edirəm. Onların “Neftçi” ilə final matçını hökmən izləyəcəm”.

Qeyd edək ki, “Xəzər Lənkəran” səfərdə 0:1 hesabı ilə uduzduqdan sonra öz meydanındakı qələbə (2:0) ilə mərhələ adlayıb.