Berti Foqts: AFFA desə, gedərəm
26.04.2013 - 13:36
Berti Foqts: AFFA desə, gedərəm
Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun apasport.az saytına müsahibəsi

- Müsahibəyə 30 dəqiqə gec gəldiniz. Deyəsən, işləriniz çoxdur?
- Siz məni günahlandırırsınız?

- Yox. Sadəcə, işlərinizlə maraqlanırıq...
- Mənə ilk baxışdan belə gəldi. Mən bura gələndə, həmişə işim çoxdur. Azərbaycanda açıq suallar çoxdur.

- Məsələn...
- Məşqçi lisenziyaları, qapıçılarla hazırlıq kursları keçmək istəyirik, Bakıda bu il hərbçilər arasında dünya çempionatı olacaq, sonra 17 yaşlılarda arasında Avropa çempionatı keçiriləcək. Yaxın gələcəkdə Azərbaycan kubokunun final oyunu, millimizin Lüksemburqla matçı, 21 yaşlıların seçmə mərhələ görüşləri olacaq. Bütün bunları həll etmək istədiyimizdən, AFFA-nın baş katibi ilə hər gün danışırıq. O bugünkü görüşdə dedi ki, 1 saatı bütün məsələləri həll edərik, ancaq bir az çox çəkdi. Biz eyni zamanda izlədiyimiz Azərbaycanla Türkiyənin 16 yaşlıları arasında 2 yoldaşlıq görüşünü təhlil etdik. AFFA üçün yalnız milli komanda, gənc futbolçular da çox vacibdir və hamısını müzakirə etməliyik.

- Nə vaxta kimi Bakıdasınız?
- Mayın 5-ə kimi. Bundan sonra Almaniyaya qayıdıb, mayın 25-də dönəcəyəm.

- Azərbaycana gələcək avropalı ulduzların heyətini özünüz üçün müəyyənləşdirmisiniz, yoxsa ümumiyyətlə bu işlə məşğul olmur?
- Mən deyərdim ki, bu, ən vacib oyundur. Belə əfsanələrlə oyunlar Almaniyada hər həftəsonu keçirilir. Gələcəkdə ildə 3-4 belə matç keçirilsəydi, daha yaxşı olardı. Bu, gənc futbolçular üçün də yaxşı nümunə olacaq. Mən köməkçilərimə - Nazim Süleymanov, bundan əvvəl işlədiyim Vəli Qasımova baxanda, görürəm ki, Azərbaycanda əvvəl necə yaxşı, gözəl futbolçular olublar. SSRİ dövründə rusiyalı futbolçular fiziki, “Neftçi”nin oyunçuları texniki cəhətdən güclü idilər. Hiss olunur ki, burda futbol vardı. Həmişə bilməliyik ki, Azərbaycanda futbol olub. Hər şeydən istəkdən asılıdır ki, çox məşq etmək lazımdır. Azərbaycanda son 10 ildə bu baxımdan çox səhvlərə yol verilib.

- Bəs indi vəziyyət necədir?
- AFFA hazırda düzgün yoldadır. Doğrudan da onun seçdiyi düzgün yolla futbolun gələcəkdə necə inkişaf etmək lazım olduğunu bilirik.

- Aprelin 30-da Madrid “Atletiko”su ilə Bakıda yoldaşlıq görüşündə Azərbaycanın bütün ulduz futbolçulardan ibarət komandası oynayacaq. Ona baş məşqçisi sizin olacağınızla da bağlı müzakirələr oldu. Sizə belə təklif gəlib?
- Yox. Mən bildiyimə görə, həmin matçda “Atletiko”ya qarşı “Bakı” oynayacaq.

- “Bakı” əvvəl belə planlaşdırsa da, sonradan ən yaxşı yerli futbolçulardan ibarət yığma komandanın meydana çıxmağını daha məqsədəuyğun saydı...
- Bu, klublar arasında oyundur, yığmalar səviyyəsində matç deyil. Biz milli komandayıq, kluba qarşı belə matçda oynaya bilmərik. Klubun yığma ilə yoldaşlıq görüşünü düzgün saymıram. Niyə Azərbaycan milli komandası “Atletiko”ya qarşı oynamalıdır? Biz aprelin sonu – mayın əvvəlində təlim-məşq toplanışı keçmək istəyirdik, ancaq razılığa gəlmədik. Çünki təqvimdə sıxlıq vardı. Çempionat son mərhələsidir və futbolçuları bu vaxt klublardan cəlb etmək düzgün olmazdı. Mən məşqçi kimi dayanmadan çalışmaq istəyirəm, ancaq bəzən anda imkan olmur.

- Hər halda, millimizdə işlədiyiniz müddətdə klubla oynamaq praktikanız olub. Çexiya “Slaviya”sı, Ukrayna ilə “Metallist” ilə matçları misal göstərmək olar. “Atletiko” ilə onlarla müqayisədə qat-qat güclü olduğundan, öz gücünü yoxlamaq olmazdı?
- Fikrimcə, “Atletiko”ya qarşı “Bakı” oynamalıdır və sonda bu komandanın meydana çıxacağını düşünürəm. Hər halda, ispanlar bu klubun dəvəti ilə Bakıya gəlir. Biz Lüksemburqla rəsmi matç öncəsi yoldaşlıq görüşü oynayacağıq, bundan arxayın ola bilərsiniz. Ancaq kluba qarşı oynamaq daha çətindir, çünki orda millidən güclü futbolçular olur. Bu baxımdan “Atletiko”ya qarşı oynamaq istəməzdim.

Millimiz növbəti rəsmi oyununu iyunun 7-də Lüksemburq yığması ilə Bakıda keçirəcək. Qalib gəlməli olduğumuz həmin matçda 2 hücumçunun – Rauf Əliyevlə Vüqar Nadirovun cəzalı olmağı ön xətdə probleminin olmağı sizi qayğılandırmır?
- Xeyr. Hazırda milli komandamızda hücumçu sarıdan problem yoxdur. Sadəcə, Rauf Portuqaliya ilə oyunda 4 dəqiqəyə lazımsız 2 sarı vərəqə almaqla, millimizə böyük zərbə vurdu. Nəticədə 10 nəfərlə qalaraq, həmin vaxt hesab açılmadığı matçda 0:2 hesabı ilə uduzduq. Ancaq Raufun bu hərəkətinə görə mətbuatda tənqidlə rastlaşmadım. Halbuki bunu xaricdən gələn oyunçular – Rüfət Dadaşov, Cihan Özkara etsəydi, çox tənqid olunacaqdılar.

- Yəni mətbuatın milliləşdirilən oyunçulara daha çox tənqidi yanaşdığınızı düşünürsünüz?
- Rüfətlə Cihan özlərini azərbaycanlı sayaraq, bu ölkənin millisində oynayırlar. Ancaq Portuqaliya ilə matçdan öncə keçirilən mətbuat konfransında mənə sual verirlər ki, Cihanın meneceri ilə tanış olduğunuza görə onu milliyə çağırıb, oynadırsınız. Hərçənd mən onu heç tanımıram. Futbolçular mətbuatda belə şeyləri oxuyanda, inciyirlər. Deyirlər ki, bəlkə heç milliyə gəlməyək, Azərbaycan üçün oynamayaq. Halbuki böyük həvəslə oynamaq istəyirlər. Olmayan şeyləri yazıb, səhv fikir formalaşdırmaq olmaz.

- Hamı Lüksemburqla matçda millidən yalnız qələbə gözləyir. Bu, sizdə psixoloji təzyiq, gərginlik yaradır?
- Mən bunu hiss etmirəm. Azərbaycan səfərə 3 xal qazanmaq üçün gedirsə, yaxud Lüksemburqa Bakıda qalib gəlməyə borcluyuq deyilirsə, bu, mənim üçün müsbət inkişafdır. Millidə təcrübəsiz oyunçular həyəcanlı olduqlarından, Rəşad Sadıqov, Mahir Şükürov kimi təcrübəlilər komandanı arxasınca aparmaqla, onlara bir siqnal verməlidir. Ancaq bu, o demək deyil ki, mətbuat Foqts daha çox şey gözlədiyi Rəşadla Mahiri tənqid etdiyini yazmalıdır.

- Azarkeşlər üçün hətta heç-heçə məğlubiyyətə bərabər nəticə sayılacaq və sizə tənqidlər daha da çoxalacaq. Bundan çəkinmirsiniz?
- Biz Lüksemburqa orda da qalib gəlmək istəyirdik. Sadəcə, qol imkanlarımızdan istifadə edə bilmədik. Bakıda oyunda da qələbə qazanmaq istəyirik. Sözsüz ki, biz Lüksemburqa qalib gəlməliyik və bunun üçün əlimizdən gələni edəcəyik. Ancaq şanslar 50-nin 50-dir. Oyun çox çətin olacaq. Gözləməyin ki, Lüksemburq açıq oynayıb, bizə qol vurmağa imkanlar yaradacaq. Biz öz oyunumuzu göstərməliyik.

- Necə oyunu?
- Cinahlardan fəal oynamaqla, öz qollarımızı vurmalıyıq. Lüksemburqun Şimali İrlandiya, Portuqaliya ilə matçlarda rəqibə necə çətin anlar yaşatdığını da unutmamalıyıq. Yəni müdafiəyə meylli komandaya qarşı oynamaq çətindir. Əvvəlki yaxşı matçlarımızı göstərsək, qalib gəlmək şansımız var. Ola bilər ki, erkən qol vurmadıq, ilk hissə 0:0 bitdi. Futbolçular bu zaman səbirli olmalıdır, çünki hamılıqla irəli atılsaq, əks-hücumda qol buraxa bilərik. Matçları izləyirəm və bəzi futbolçuların oyunundan razıyam. Onlar bu haqda fikirləşməlidir ki, vacib oyunda formada olub, qələbə qazanmalıyıq.

- Futbolçularda səhvlərin olduğunu deyirsiniz. Bəs özünüzdə son illərdə səhv olub? Millimizi çalışdırdığınız bu 5 ildə özünüzə bağışlamadığınız hansı xətanı etmisiniz?
- Azərbaycan futbol 1 nömrəli idman növü olmayan ölkədir. Ancaq buna baxmayaraq, əlimizdəki materialla işimizi düzgün görürük. Mənə elə gəlir ki, hər bir insan səhvə yol verə bilir.

- Cəmiyyətdə, futbol ictimaiyyətində belə fikir formalaşıb ki, Berti Foqts getsə, Azərbaycanda futbol inkişaf edəcək. Millimiz qol buraxanda ünvanına istefa şüarlarının səsləndiyinə artıq öyrəşmişik...
- AFFA mənə bu desin. Doğrudan da mən Azərbaycan futbolunun inkişafını dayandırıramsa, sabah əşyalarımı yığıb gedərəm.

- Azarkeşlər millinin sov ev oyunları zamanı futbolçuların adları çəkiləndə onları alqışlayır, ancaq sizin adınız səslənəndə fitə basırlar. Buna necə reaksiya verirsiniz?
- Mənim bu haqda məlumatım var. Almaniyanın Azərbaycandakı səfirliyinin nümayəndələri mənə bu haqda deyiblər. Görünür, bəzi azarkeşlər ona məni fitə basırlar ki, onların sevdiyim futbolçuları heyətə salmamışam. Mən oyunçuları heyətə simpatiyaya görə yox, məşqə görə qoyuram. Mənim işimə qiyməti AFFA rəhbərliyi verir. Mənin federasiya ilə ilin sonuna kimi müqaviləm var və buna əsasən işləyirəm. AFFA məndən narazı olduğunu desə, bir qərara gələcəyik.

- Sizin fikrinizcə, bu seçmə mərhələdə neçə xal toplaya bilərik? Buna konkret cavab verərək, sualdan yayınmayın...
- Mən xalı düşünmürəm. Nə qədər xal toplamağımız mənim üçün vacib deyil.

- Hər halda, 7-dən çox xal yığmaqla, öz şəxsi rekordunuzu yeniləyə bilərsiniz?
- Dedikləriniz statistika ilə bağlıdır. Ancaq məni beşə şeylər maraqlandırmır.

- Ancaq məşqçinin işinə nəticəyə görə qiymət verirlər...
- Mənim üçün vacib olan AFFA-nın işimdən razı olub-olmamağıdır. Bəli, Almaniya kimi böyük ölkələrdə məşqçiyə nəticəyə görə qiymət verirlər. Mənim məqsədim yeni komanda qurmaqdır ki, hələ bu işi bitirməmişik. Əsas məqsəd hər futbolunun fərdi oyun keyfiyyətlərini artırmaqdır.

- Hər halda, milli təkcə AFFA-nın yox, ölkənin komandasıdır. Buna görə azarkeşlərin daha çox xal gözləməyi normal şeydir...
- Xalq qələbə gözləyirsə, deməli, mən indiyə kimi işimi düzgün qurmuşam. Məncə, 5 il əvvəl azarkeşlərin milli haqda başqa fikirləri vardı. Cari seçmə mərhələdə əvvəlki oyunlarımızda bir çox amillər olmasaydı, xalımız bundan çox olardı. Onu deyim ki, bu seçmə mərhələdə əvvəlkilərdən daha yaxşı oynayırıq. Bu, mənim günahım deyil ki, Moskvada hakim olmayan penaltini, yaxud Belfastda 6 dəqiqə əlavə vaxt verir? Mən işimi bilirəm və inşallah (bunu azərbaycanca deyir), gələcəkdə necə olacağını görərik.

- Millimiz qarşısına məqsəd kimi 2016-cı il Avropa çempionatının final mərhələsinə düşmək uğrunda mübarizə aparmağı qoyub. Həmin vaxt 70 yaşı olacaq Berti Foqtsun qalıb, millidə işini bitirib, tarix yazmağa stimul varmı?
- Mən bu suala cavab verə bilmərəm. İstəmirəm ki, indidən gələcək haqda bir şey deyim. Deyə bilərsiniz ki, sabah ayılıb yaşayacağıq? Buna biz qərar vermirik, hər şey Allahın əlindədir. Onu deyə bilərəm ki, məni hansısa nəticə qazanıb, buna görə adımın qızıl hərflərlə kitaba düşmək maraqlandırmır. Mən elə insan deyiləm ki, adım hansısa ölkənin tarixi kitablarında qızıl hərflərlə yazılsın. Hazırda məni iyunun 7-də Lüksemburqla matçı fikirləşirəm. Məqsədimiz Avropada rəqabətə davamlı komanda qurmaqdadır.

- Sizin üçün millimizdəki 5 ildə ən yaddaqalan oyun, qol, futbolçu hansıdır?
- Bu, sizin fikir verdiyiniz məqamlar mənim üçün maraqsızdır. Rəssam şəkil çəkəndə, tabloda hər yerdə bir nöqtə qoyur. Ancaq şəkil hazır deyil. Biz ümumi layihəni nəzərə almalıyıq və bu, Avropada yaxşı futbol nümayiş etdirəcək komanda yaratmaqdır. Son vaxtlar mənim üçün ən yaxşı eşitdiyim kompliment azarkeşlərin millinin 2016-cı il Avropa çempionatına çıxmağına inanmağıdır. Bizim buna az da olsa şansımız var. Azərbaycan yığması dünya, Avropa çempionu olsun. İnanmıram ki, Azərbaycanın bir klubu Çempionlar Liqasının, Avropa Liqasının finalına çıxsın. Niyə görə millimizin cəmi 1 futbolçusu – Ruslan Abışov “Rubin”də oynayır? Yaxud Vaqif Cavadovla Mahir Şükürov Avropada o qədər güclü olmayan “Tvente”də “Anjidə çox qalmadı? Bu, məgər baş məşqçinin günahıdır?

- Özünüz gedəndən sonra postunuza hansı azərbaycanlı məşqçini daha layiqli namizəd sayırsınız?
Mən bu suala dəqiq cavab verə bilmərəm. Fikrimcə, konkret ad çəkmək düzgün olmazdı. Azərbaycanda yaxşı məşqçilər, milliyə bir neçə namizədlər var. Əgər AFFA prezidenti məndən bunu soruşsa, konkret ad çəkərəm.

Mehman SÜLEYMANOV