Azərbaycan milli komandası Qətərə gedəcək
26.04.2013 - 15:50
Azərbaycan milli komandası Qətərə gedəcək
Azərbaycan milli komandasının növbəti yoxlama oyununun vaxtı və rəqibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Berti Foqtsun yetirmələri Qətər yığması ilə qarşılaşacaq.

Bu görüş DÇ-2014-ün seçmə mərhələsinin Lüksemburqla iyunun 7-dəki matçına hazırlıq xarakteri daşıyacaq. Yığmamız Bakıdakı oyun ərəfəsində asiyalılarla səfərdə üz-üzə gələcək. Qarşılaşma mayın 29-da baş tutacaq.

Mayın 28-də keçiriləcək Azərbaycan kubokunun final matçının iştirakçıları olan “Neftçi” və “Xəzər Lənkəran”ın milliyə çağırılan üzvləri isə Qətərlə görüşdə oynamayacaq. Onlar komanda ölkəyə döndüksən sonra Foqtsun sərəncamında olacaq.

Millimiz mayın 25-də səfərə çıxcaq. Artıq ertəsi gün Dohada komandamızın ilk məşqi baş tutacaq.

Qeyd edək ki, razılığa əsasən Azərbaycan milli komandasının bütün xərcləri Qətər Futbol Assosiasiyası tərəfindən ödəniləcək.