Foqts “Borussiya” - “Bavariya” finalında kimə azarkeşlik edər?
26.04.2013 - 18:00
Foqts “Borussiya” - “Bavariya” finalında kimə azarkeşlik edər?
“Mən deyərdim ki, ispanların futbolda vaxtı indi yox, 2 il bundan qabaq qurtarmışdı. İspaniya yığması son Avropa çempionatında yalnız 1 matçda – finalda yaxşı oynayıb. Yarımfinalda Portuqaliya ondan yaxşı oyun nümayiş etdirmişdi. Almaniya isə İtaliya ilə yarımfinalda səhv etməsəydi, şansları daha çox idi”. Bu fikirləri apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts deyib. Almaniyalı mütəxəssis Çempionlar Liqasının yarımfinalında həmyerlilərinin - “Bavariya” ilə Dortmund “Borussiya”sının İspaniya nəhəngləri “Barselona” ilə “Real” üzərində inamlı qələbələrini təsadüfi olmadığını sayır.

Maraqlıdır, Almaniya finalına ümid edən 67 yaşlı çalışdırıcı kimə azarkeşlik edəcək?: “Düzü, qarışıq hisslər keçirirəm. Çünki “Bavariya”nın baş məşqçisi Yupp Haynkes dostumdur, onunla 10 il birgə futbol oynamışıq. Ancaq karyeramı keçirdiyim Mönhenqladbaxt “Borussiya”sı ilə “Bavariya”nın bir-birindən zəhləsi gedir. Onlar arasında soyuq müharibə var. Mən Almaniyanın qərbində yaşadığımdan, Dortmundun qalib gəlməyini istəyirəm. “Borussiya”ya simpatiyam var. Ancaq Haynkesa görə onun qələbəsini də istəyirəm. Təəssüf ki, futbolda ikisindən biri qalib gəlməlidir”.

Almaniya yığması böyük turnirlərdə sonuncu qələbəsini 1996-cı ildə məhz Foqtsun baş məşqçiliyi vaxtında qazanıb. Bu, həmin il İngiltərədə Avropa çempionluğunu qazanmağıdır: “16 ildir almanlar böyük turnirlərdə titul qazanmır. Həmyerlilərim həmin vaxt seçilən düzgün yolun indi bəhrəsini görür. Ancaq almaniyalı məşqçinin gəlib Azərbaycanda 5 ildə dünya və Avropa çempionatını vəsiqə qazandırdığını gözləmək düzgün deyil. İnkişafın nəticəsini görmək üçün vaxt lazımdır. Azərbaycanlıları almanlarla müqayisə etmirik, ancaq güclü rəqiblər gələndə, qələbə gözləyirik. Şagird pis oxuyanda, müəllim tuturlar ki, o birilərin səviyyəsinə çatsın. Almaniyalı futbolçular çox çalışırlar. Təsəvvür edə bilirsiniz ki, “Bavariya” ilə “Borussiya”nın futbolçuları Çempionlar Liqasında çətin yarımfinal oyunların səhəri bütün komanda ilə məşq ediblər. Niyə Azərbaycanda belə deyil?”.

Mehman SÜLEYMANOV