Azərbaycanlı məşqçilər Braziliyada seminar keçə bilər
26.04.2013 - 19:45
Azərbaycanlı məşqçilər Braziliyada seminar keçə bilər
Azərbaycan Gənclər və idman naziri Azad Rəhimov aprelin 21-dən Braziliyada səfərdədir. Apasport.az saytının məlumatına görə, o, səfərin ertəsi gün Cənubi Amerika ölkəsinin idman naziri Aldo Rebelo ilə görüş keçirib.

Görüşdə idman sahəsində ikitərəfli əlaqələrin hazırki vəziyyəti müzakirə edilib və bu sahədə əməkdaşlığın böyük potensiala malik olduğu vurğulanıb. Eyni zamanda, Azərbaycanda uşaq futbolunun inkişafına dəstək məqsədilə uşaqların, həmçinin müxtəlif qruplarla və komandalarla işləyən məşqçilərin Braziliyaya seminarlara göndərilməsi, futbol üzrə 2014-cü ildə Braziliyada keçiriləcək dünya çempionatına könüllülər hazırlanması proqramında azərbaycanlı gənclərin iştirak etməsi məsələləri də müzakirə olunub.

Sonda Azərbaycan və Braziliya nazirlikləri arasında idman sahəsində Əməkdaşlıq haqqında Anlaşma memorandumu imzalanıb. Bundan sonra Rəhimov Braziliya Paralimpiya Komitəsinin prezidenti Endryu Parsons ilə görüşüb. Azərbaycanda paralimpiya hərəkatı və bu sahəyə göstərilən diqqət barədə məlumat verən nazir iki ölkənin paralimpiya komitələri arasında əməkdaşlıq perspektivləri müzakirə edib.

Rəhimov “TV Brasil” kanalına müsahibə verərək Azərbaycanla Braziliya arasında əlaqələrin inkişaf etməsindən məmnunluğunu bildirib. O, bu ilin mayında Bakıda Kapoeyra üzrə Dünya çempionatının keçiriləcəyini qeyd edərək bu faktın Braziliya ilə olan dostluğa verilən önəmin göstəricisi olduğunu ifadə edib. Eyni zamanda, 2015-ci ildə Azərbaycanda keçiriləcək I Avropa Oyunları və 2016-cı ildə Braziliyada keçiriləcək yay Olimpiya oyunları barədə danışan nazir bu sahədə təcrübə mübadiləsinin aparılmasının önəmindən bəhs edib.

Aprelin 23-də Rəhimov Braziliya xarici işlər nazirinin idman məsələləri üzrə müavini səfir Xadil da Roşa Vyana ilə görüşüb. Vyana iki dövlət arasında son zamanlar münasibətlərin artan tempdə inkişafından bəhs edərək idman nazirlikləri arasında Anlaşma memorandumunun imzalanmasını təqdirəlayiq hal olduğunu bildirib. Görüş zamanı gənclər və idman sahəsində əməkdaşlıq perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Nazir Braziliya Parlamentinin Deputatlar Palatasının Xarici Əlaqələr Komitəsinin Prezidenti deputat Nelson Pellegrino və həmin komitənin üzvü deputat Klaudio Kajado ilə görüşüb. Bu zaman ikitərəfli əlaqələr, xüsusilə idman və gənclər sahəsində əməkdaşlıq imkanları müzakirə edilib.

Qeyd edək ki, Braziliya səfəri davam edən nazirin görüşlərə Azərbaycanın bu ölkədəki fövqəladə və səlahiyyətli səfiri Elnur Sultanov da qatılıb.