“Ayntraxt” 28 ildən sonra Bundesliqada
27.04.2013 - 00:00
“Ayntraxt” 28 ildən sonra Bundesliqada
Növbəti mövsümdən etibarən Almaniya Bundesliqasında mübarizə aparacaq daha bir komandanın adı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, daha əvvəl “Herta”nın vəsiqə qazandığı çempionata bu dəfə Braunşveyq “Ayntraxt”ı adını yazdırıb.

Braunşveyq təmsilçisi II Bundesliqanın XXXI turu çərçivəsində səfərdə “İnqolştadt”ı 1:0 hesabı ilə məğlub edərək çempionatın başa çatmasına 3 tur qalmış xalını 65-ə çatdırıb və ən yaxın izləyicisi “Kayzerslautern”i 13 xal qabaqlayıb.

Beləliklə, növbəti mövsümdən etibarən Almaniya çempionatında “Ayntraxt” adı altında iki komanda mübarizə aparacaq. Digər klub isə Frankfurtu təmsil edir.

Qeyd edək ki, Braunşveyq “Ayntraxt”ı 1966-1967 mövsümündə ölkə çempionu olub. Sonuncu dəfə isə onlar Bundesliqada 1984-1985 mövsümündə iştirak ediblər.

Həmçinin 28 ildən sonra Bundesliqaya yüksələn braunşveyqlilər tarixi bir zəfərə də imza atıblar. Belə ki, “Ayntraxt” 2007-2008 mövsümündə Almaniyayın IV liqasından Regionalliqaya yüksəlib. Onlar 6 mövsüm ərzində Bundesliqaya çıxmağı bacarıblar.