“Burada əylənmək üçün o qədər də çox yer yoxdur” - MÜSAHİBƏ
27.04.2013 - 14:42
“Burada əylənmək üçün o qədər də çox yer yoxdur” - MÜSAHİBƏ
Zaqatalanın “Simurq” komandasının futbolçusu Anderson Oliveyra klubun rəsmi saytına müsahibə verib. Apasport.az saytının məlumatına görə, braziliyalı legioner futbolçumuz, karyerası və komandası haqda fikirlərini açıqlayıb.

- Anderson, özünüzü burada necə hiss edirsiniz?
- Çox yaxşı. Burada hər kəs mənə qarşı yaxşı davranır. Hər şey qaydasındadır.

- Necə oldu ki, “Simurq”un təklifini qəbul etdiniz?
- Braziliyada olarkən burdan təklif gəldi. Məndə dəyərləndirdim və qəbul edib gəldim. Bir müddət baxışda oldum. Daha sonra müqavilənin şərtlərini müzakirə edib, razılığa gəldik.

- Komandaya uyğunlaşmaqda çətinlik çəkmədiniz?
- Burada uyğunlaşmaqla bağlı heç bir problemim olmadı. Ən böyük çətinliyim dillə bağlı oldu. Çünki Azərbaycan və rus dilində bilmədiyimdən ilk günlər problem yaradırdı. Ancaq artıq hər şey qaydasındadır. İngilis dilində fikirlərimi izah edirəm. Komandamın uğurları haqqında Braziliyada yaşayan ailəmə tez-tez məlumatlar verirəm.

- Premyer Liqanın səviyyəsi gözlədiyiniz kimidir?
- Mənim üçün çox yaxşı çempionatdır. Gərgin oyunlara çıxırıq. Məncə hər bir futbolçunun arzusudur ki, bu cür liqalarda forma geyinsin.

- “İnter”lə oyunda böyük hesablı məğlub olmağımızda əsas səbəb nə görürsünüz?
- Bu oyunun nəticəsi həqiqətən bizim üçün acınacaqlı oldu. Buna görə çox məyusuq. Oyun ərzində çox çalışdıq ki, vəziyyəti düzəldək. Ancaq meydanda az qalmağımız buna imkan vermədi.

- “Bakı” ilə oyuna hazırlıqlar necə gedir?
- Komandada hər bir kəs bu görüşə yüksək əhval-ruhiyyədə hazırlaşır. Bütün diqqətimizi bu oyuna yönəltmişik. Çalışacayıq ki, qalib gələn tərəf biz olaq. Çünki bununla son oyundakı uğursuz nəticənidə unutdurmaq istəyirik.

- Rəqibi necə dəyərləndirərdiniz?
- Çox texnikalı komandadır. Son oyunlarda yaxşı təsir bağışlayırlar. Ancaq onlarında zəif tərəfləri var. Bizdə bunlardan istifadə etməliyik.

- “Simurq”un Avroliqaya düşmək şansları haqqında nə düşünürsünüz?
- Düzünü desək, hazırki durumda şansımız çox aşağıdır. Ancaq biz buna baxmayaraq, sona qədər mübarizə aparacağıq.

- Növbəti mövsümdə “Simurq”da qalmağı fikiqləşirsiniz?
- Burada qalmağımla bağlı heç bir problem yoxdur. Ancaq yenidən rəhbərliklə oturub bəzi şeyləri müzakirə etməliyik.

- Braziliyaya qayıtdığın zaman Azərbaycandan ən çox nəyi xatırlayacaqsınız?
- Hələ ölkəmə nə vaxt qayıdacağımı bilmirəm. Ancaq burda mən özümə unudulmaz yeni dostlar qazanmışam. Onlarla bağlı xatirələrimi unutmaram.

- Braziliya ilə Azərbaycan arasında hansı oxşar və fərqli cəhətlər var?
- Oxşarlıq cəhətdən onu deyə bilərəm ki, ölkəniz getdikcə inkişaf edir və tez bir zamanda Braziliyaya çatacaq. Düşünürəm ki, Azərbaycan da tez bir zamanda Dünya Kubokuna ev sahibliyi edəcək. Fərqlilik baxımdan isə burada boş vaxtlarında əylənmək üçün o qədərdə çox yer yoxdur. Braziliyada isə hər yerdə var. Bakıda sizin ailənizlə birlikdə vaxt keçirmək üçün bir neçə variantınız ola bilər.

- Azarkeşlərlə münasibətləriniz necədir?
- Onlar möhtəşəmdirlər. Oyunlarımız zamanı bizə tam dəstək verirlər. Qarşılaşmalarda topla hansısa fənd edəndə hər kəs mənim adımı qışqırır, alqışlayır. Harda görsələr yaxınlaşıb şəkil çəkdirirlər. Bütün bunlara görə azarkeşlərimizə təşəkkür edirəm.