“Heç kim “Xəzər Lənkəran”ın alın təri ilə finala qazandığı vəsiqəyə kölgə salmasın”
27.04.2013 - 18:45
“Heç kim “Xəzər Lənkəran”ın alın təri ilə finala qazandığı vəsiqəyə kölgə salmasın”
“Bakı” klubu Azərbaycan kubokunun yarımfinal mərhələsinin Lənkərandakı cavab oyununda uduzduqdan sonra məğlubiyyətin səbəblərini hakimlikdə axtarmağa başlayıb. Paytaxt təmsilçisi narazılıqlarını əsaslandırmaq üçün bəzi kadrlar da təqdim edib”. Bu sözləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran” klubunun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu deyib.

O, Azərbaycan kubokunun 1/2 final mərhələsinin “Bakı” ilə cavab oyunundan sonra paytaxt təmsilçisinin məğlubiyyəti hakimliklə bağlamasına münasibət bildirib: “Xəzər Lənkəran” rəsmisi kimi bakılıların bu addımına münasibət bildirmək istəyirəm. Onlar oyun ərzində hakimliklə bağlı 4 kadr tapıbsa, biz ortaya 90 dəqiqə ərzində baş verən 14 epizodla bağlı iddia ata bilərik. Yəni onların 4 faktının qarşısına 14-ü ilə caavb verərik. Təkcə Dmitrios Sialmasın təkbətək çıxdığı, lakin hakim oyundankənar vəziyyətlə bağlı səhv qərarını demək də kifayətdir. Lakin düşünürəm ki, “Bakı” məğlubiyyətin səbəbini kənarda axtarmaqdansa, öz oyunlarını təhlil etsinlər. Qonaqların 90 dəqiqə ərzində cəmi 1 qol imkanı oldu. İlk oyunda biz onların həqiqətən güclü olduğunu etiraf edib, bəhanə axtarmamışdıq. Yaxşı olardı ki, onlar da etiraf etməyi bacarsınlar. Heç kim “Xəzər Lənkəran”ın alın təri ilə finala qazandığı vəsiqəyə kölgə salmasın”.

Qeyd edək ki, Bakıdakı oyunda 0:1 hesabı ilə uduzan lənkəranlılar evdəki 2:0 hesablı qələbə ilə finala yüksəlib.