“Atletiko” Bakıya məğlub gəlir
28.04.2013 - 08:18
“Atletiko” Bakıya məğlub gəlir
İspaniya çempionatının XXXIII turunun mərkəzi oyunu Madrid derbisi olub. Apasport.az saytının məlumatına görə, “Atletiko” öz meydanında “Real”la üzləşib. “Visente Kalderon”da keçirilən matç qonaqların 2:1 hesablı qələbəsi ilə nəticələnib. Bununla da “Real” “Atletiko” ilə oyunlarda 14 illik məğlubiyyətsizlik seriyasını davam etdirib.

Hərçənd oyunda hesabı “Atletiko” açıb. Artıq 4-cü dəqiqədə komandanın uruqvaylı bombardiri Radamel Falkao çempionatda 26-cı qolunu vurub. Ancaq bundan cəmi 9 dəqiqə sonra meydan sahiblərinin müdafiəçisi Xuanfran avtoqol edərək, hesabı bərabərləşdirib. “Real”ın baş məşqçisi Joze Mourinyo Çempionlar Liqasında Dortmund “Borussiya”sı ilə gələn həftə keçiriləcək cavab oyununu nəzərə alaraq, xeyli futboçunu ehtiyatda saxlasa da, matçın gedişində əvəzləmələr etməli olub. Argentinalı yarımmüdafiəçi Anhel Di Mariya 63-cü dəqiqədə qələbə topunu vurub.

Bununla da “Real” 2-ci pillədə yerini möhkəmlədərək, ən yaxın izləyicisi olan “Atletiko”nu 6 xal qabaqlayır. 74 xalı olan madridlilər lider “Barselona”dan 11 xal geri qalır. “Atletik”lə səfərdə 2:2 hesablı heç-heçə edən “Barsa” növbəti turda evdə “Betis”ə qalib gələcəyi halda, çempionluğunu rəsmiləşdirəcək.

Qeyd edək ki, “Atletiko” sabah Bakıya gələrək, aprelin 30-da saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda “All Star of Azerbaijan”la yoldaşlıq görüçü keçirəcək.