Mahmud Qurbanovun 191 gün gözlədiyi an
28.04.2013 - 09:59
Mahmud Qurbanovun 191 gün gözlədiyi an
“Kəpəz” Topaz Premyer Liqasının final mərhələsində ilk xalını qazanıb. Apasport.az saytının məlumatına görə, gəncəlilər buna XXVIII turda “Sumqayıt”la ev oyununda 1:0 hesablı qələbə ilə nail olmaqla, uzun müddətlik həsrətə son qoyub.

Belə ki, sonuncu xalını təsnifat mərhələsinin axırıncı turunda – martın 3-də “Simurq”la 1:1 hesablı bərabərliyə qaldığı öz meydanındakı oyunda qazanan Mahmud Qurbanovun komandası bu il qalib gələ bilmirdi. “Kəpəz” sonuncu qələbəsini VII turda ötən ilin sentyabrın 30-da səfərdə “Rəvan”ı 2:1 hesabı ilə məğlub etməklə qazanmışdı. Bu, 191 gün öncə olmuşdu.

Gəncə klubunun daha bir qələbəsi isə bundan da əvvəl evdə “Qəbələ” üzərində olub. Ancaq fərq ondadır ki, həmin 1:0 hesablı qələbə Gəncədə, bu dəfə isə Bakıda baş verdi. Gəncəlilər bu ildən rəqiblərini “Dalğa Arena”da qəbul edir.