“Neftçi”nin məğlub etdiyi komanda Çempionlar Liqasında
29.04.2013 - 08:16
“Neftçi”nin məğlub etdiyi komanda Çempionlar Liqasında
Avropanın daha bir ölkəsində çempion bəlli olub. Apasport.az saytının məlumatına görə, Kipr çempionatının sonuna 2 tur qalmış ən güclü komanda müəyyənləşib.

AEK-lə qarşılaşmada 0:1 hesabı ilə məğlub olan APOEL tarixində 22-ci dəfə çempion titulunu qazanıb. Buna səbəb “Omoniya”nın çempionluğa digər iddiaçı “Anartosis”i darmadağın etməsi olub – 4:0. Sona 2 tur qalmış izləyicisini 7 xal qabaqlayan APOEL futbolçuları qızıl medalları təmin ediblər.

Qeyd edək ki, 2004, 2009 və 2011-ci illərdə də komandasını Kipr çempionluğuna daşıyan baş məşqçi İvan Yovanoviçin yetirmələri 2012/13 mövsümündə Avropa Liqasının IV təsnifat mərhələsində Azərbaycan çempionu “Neftçi”yə uduzmuşdu. APOEL qarşıdakı mövsümdə də təmsilçilərimizə rəqib ola bilər. Kipr çempionu Çempionlar Liqasının III təsnifat mərhələsindən mübarizəyə başlayacaq.