Almaniya finalı, yoxsa möcüzə?
29.04.2013 - 17:07
Almaniya finalı, yoxsa möcüzə?
Sabah UEFA Çempionlar Liqasının (ÇL) yarımfinal mərhələsinin cavab oyunlarına start veriləcək. Apasport.az saytının məlumatına görə, Almaniyada keçirilən ilk matçlardan sonra İspaniyadakı təkrar duellərin formal xarakter daşıyacağını düşünənlər çoxdur. Bununla da hazırkı vəziyyətdə hər şey Almaniya finalına doğru gedir.

Hər halda, “Bavariya” ilə “Borussiya” ilk oyunlarda böyük hesablı qalib gəldiklərindən, finalın bir addımlığındadır. Yenə “Real” səfərdə 1 qol vurduğundan cavab matçına ümidi qalıbsa, “Barsa”nın işi lap çətindir. Axı finala çıxmaq üçün 5 top fərqli, ən pis halda oyunu əlavə vaxta keçirmək üçün 4:0 hesablı qələbə qazanmaq lazımdır. Son 3 oyunda qapısını toxunulmaz saxlayan “Bavariya” ilə matçda bunu gerçəkləşdirmək möcüzəyə bərabərdir. Bununla da münhenlilərin ardıcıl 2-ci il finala çıxmaq şansı çox yüksəkdir.

“Borussiya” isə sonuncu dəfə ÇL-nin finalında 16 il öncə oynayaraq, onda qalib olub. Polşalı hücumçusu Robert Levandovskinin vurduğu 4 qol sayəsində böyük üstünlük qazanan dortmundlular evdə buraxdıqları qolun əziyyətini çəkə bilər. Yəni 3:0 hesablı qələbə madridlilərin qarşısında yaşıl işıq yandıracaq. Komanda sonuncu dəfə 2002-ci ildə finalda oynayaraq, həmin vaxt qazandığı kubokdan sonra Avropada titula həsrətdir.

30 aprel
23:45. “Real” (İspaniya) – “Borussiya” (Dortmund)
İlk oyun – 1:4

1 may
23:45. “Barselona” (İspaniya) – “Bavariya” (Almaniya)
İlk oyun – 0:4