Dieqo Simeone: Bakıdakı oyuna qələbə üçün çıxacağıq
29.04.2013 - 18:45
Dieqo Simeone: Bakıdakı oyuna qələbə üçün çıxacağıq
“Bakıda olmaqdan çox məmnunuq. Ümid edirəm ki, azarkeşlər “Bakı” ilə sabahkı yoldaşlıq görüşümüzdən zövq alacaqlar”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Atletiko”nun baş məşqçisi Dieqo Simeone bu gün “Bakı”nın bazasında keçirilən mətbuat konfransında deyib.

“Bakı”nın icraçı-direktoru Yaşar Seyidov qonaqları salamladıqdan sonra söz verilən argentinalı mütəxəssis sabahkı yoldaşlıq görüşündə qələbə qazanmağa çıxacaqlarını bildirib: “Bu, ilk növbədə dostluq matçıdır. Azarkeşlərin televiziyadan izlədiyi, indi isə yaxında görə biləcəyi futbolçuların oyununda şou gözlənilir. Ancaq bu, eyni zamanda hansı yerli komandanın güclü olduğunu göstərəcək. Biz bu oyunda qalib gəlmək istəyirik və meydana bunun üçün çıxacağıq”.

Simeone türkiyəli futbolçusu Arda Turana Azərbaycanda böyük marağın olmasına isə belə münasibət bildirib: “Məncə, bu, ilk növbədə Ardanın futbolçu kimi səviyyəsi, tanınmağı ilə bağlıdır. Bundan başqa, 2 ölkə arasında yaxınlığın olduğunu da bilirəm”.

Qeyd edək ki, madridlilər məşqə çıxdıqlarından, mətbuat konfransı qısa sürdü.