Marius Pena: Həmin vaxt daha yaxşı formada idim - MÜSAHİBƏ
29.04.2013 - 23:03
Marius Pena: Həmin vaxt daha yaxşı formada idim - MÜSAHİBƏ
Jurnalistlər arasında keçirilən sorğuda Topaz Premyer Liqasında martın ən yaxşı futbolçusu seçilən “Bakı”nın hücumçusu Marius Penanın apasport.az saytına müsahibəsi

- Martın ən yaxşı futbolçusu seçildiniz. Bu xəbəri eşidəndə nə düşündünüz?
- Əvvəlcə inanmadım. Düşündüm ki, yəqin mənimlə zarafat edirlər. Sonra anladım ki, bu, həqiqətdir. Əlbəttə, sevindim. Bu gün meydanda işimi görürəm. Əsas olan komandamın uğur qazanmağıdır. Meydanda olduğum müddətdə buna nail olmaq üçün əlimdən gələni edirəm.

- Ölkəmizdə ilk mükafatınızı qazandınız. Bunun həyatınızda xüsusi bir yeri olacaqmı?
- Əlbəttə, hər bir mükafatın xüsusi anlamı, dəyəri var. Mənə hədiyyə edilən mükafatı evimin ən yaxşı güşəsində saxlayacağam. Bunun xüsusi anlamı var. Çox yaxşı mükafatdır. Bu hər bir futbolçuya lazımlıdır.

- Mükafatı sizə mart ayında nümayiş etdirdiyiniz futbola görə verdilər. Həqiqətən də 4 qol vurmaqla komandanız üçün vacib qələbələrin qazanılmasına kömək etdiniz. Ancaq apreldə həmin məhsuldar oyununuzun şahidi ola bilmədik. Kölgədə qalmağınız nə ilə bağlıdır?
- Bəli, bunu hiss edirəm. Səbəbi odur ki, həmin vaxt daha yaxşı formada idim. Əlbəttə, istərdim ki, hər bir ayım mart kimi olsun. Daha çox qol vurum, qələbələr qazanaq. Lakin futbolda sabit çıxış etmək çətindir. Bəzən belə hallarla da qarşılaşırsan.

- Mart ayında vurulan ən yaxşı qolun müəllifi də mükafatlandırıldı. Bu seçimdə sizin də fikrinizi bilmək istərdik. Nümayiş etdirilən 5 qol arasında ən yaxşısı hansı idi?
- Müxtəlif qollar vuruldu. Hamısı da bir-birindən gözəl idi. Kornerdən birbaşa qapıya vurulan qol daha baxımlı alınmışdı. Buna görə də seçimin düzgün olduğunu düşünürəm.

- Bu gün “Bakı” Madrid “Atletiko”su ilə qarşılaşacaq. Qeyri-rəsmi oyun olsa da, fikrini bilmək istərdik...
- Azərbaycan futbolçu üçün əlamətdar hadisədir. Belə bir titullu, heyətində kifayət qədər tanınmış ulduz futbolçuların yer aldığı komandanın Bakıya gəlməsi sevindiricidir. Bu cür oyun karyeranda bir dəfə olur. Falkao kimi tanınmış futbolçu ilə meydanda olmaq böyük hadisədir.

- Ancaq rəqibə qarşı yerli futbolçular çıxış edəcək. Kənarda qalmağın sizi üzməyəcək?
- Yerli oyunçular üçün böyük şansdır. Çünki qarşılarında belə güclü, tanınmış futbolçuları görəcəklər. Azərbaycanlı futbolçular üçün karyeralarında unudulmayacaq bir matç olacaq.

- Oyundan sonra hansı futbolçu ilə formanızı dəyişmək istərdiniz?
- (gülür) Radomir Falkao ilə dəyişərdim. Çünki hər ikimiz eyni mövqedə çıxış edirik.

- Bəs “Bakı”nın Avropa Liqasına çıxmaq şansını necə dəyərləndirirsiz?
- Şanslarımız var. Amma bu tək bizim yox, həm də rəqiblərimizin qazanacağı nəticələrdən asılıdır. Təbii ki, vəsiqə qazana bilməsək, təəssüflənəcəyik. Növbəti mövsümdə daha yaxşı olacağına inanıram.

- Komandanın uğursuz çıxışını nəzərə alsaq, “Bakı”ya gəlməyinə görə peşiman deyilsən?
- İstərdik ki, komandamız avrokuboklara vəsiqə qazansın və uğurlu nəticələri ilə azarkeşlərimizi sevindirsin. Peşmançılığa gəldikdə, belə düşünmürəm. Əksinə, “Bakı”da olduğuma görə xoşbəxtəm.