Bernd Şusterdən millimizin formasına xatirə imzası - FOTOSESSİYA
30.04.2013 - 12:39
Bernd Şusterdən millimizin formasına xatirə imzası - FOTOSESSİYA
Almaniyanın əfsanəvi futbolçularından olan Bernd Şuster Azərbaycana gəlib. Apasport.az saytının məlumatına görə, Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə mayın 1-də Bayıl stadionunda veteran futbolçular arasında keçiriləcək beynəlxalq yoldaşlıq oyunu ilə əlaqədar Bakıda səfərdə olan “Beşiktaş”ın sabiq baş məşqçisi bu gün AFFA-nın inzibati binasında baş katib Elxan Məmmədovla görüşüb.

Qonağı salamlayan Məmmədov AFFA-nın dəvətini qəbul etdiyi üçün ona minnətdarlığını bildirib. Öz növbəsində Şuster Azərbaycanda olmasından böyük məmnunluq hissi keçirdiyini və veteranlar arasında keçiriləcək yoldaşlıq oyununu səbirsizliklə gözlədiyini deyib.

AFFA-nın Futbol akademiyasına gedən almaniyalı futbol veteranı buradakı şəraitlə tanış olub, 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının üzvləri ilə görüşüb və millimizin futbolkasının üzərinə xatirə imzası çəkib.

Baş katib AFFA-nın hədiyyələrini qonağa təqdim edib.

Qeyd edək ki, Şuster “Real” və “Barselona”da çıxışı ilə tanınıb.

Mənbə: affa.az