“Turan”, “Kəpəz” və daha 4 klubun kitabı bağlandı
30.04.2013 - 17:24
“Turan”, “Kəpəz” və daha 4 klubun kitabı bağlandı
Bu gün AFFA-nın inzibati binasında Lisenziyalaşdırma Komissiyasının (Birinci İnstansiya Orqanı) iclası keçirilib. Apasport.az saytının məlumatına görə, iclasda UEFA və Premyer Liqa klub yarışlarında iştirak etmək üçün müraciət edən 16 klubun (8-i UEFA klub yarışlarında, 8-i isə Premyer Liqa klub yarlşlarında) sənədlərinə baxılıb.

İlkin olaraq məlumat verilib ki, lisenziyalaşdırma prosesində MOİK FK və “Tərəqqi” FK AFFA-nın Lisenziyalaşdırma Qrupuna müraciət edərək Lisenziyalaşdırma prosesindən rəsmi imtina etmişdir. Bununla əlaqədar olaraq Lisenziyalaşdırma Komissiyasında MOİK FK-nın və “Tərəqqi” FK-nın lisenziya almaqla bağlı ilkin müraciəti müzakirə olunmayıb.

Lisenziyalaşdırma Komissiyası müzakirələrdən sonra aşağıdakıları qərara alıb:
1. 2013/14 UEFA klub yarışlarında iştirakla bağlı idman, infrastruktur, kadr-inzibati, hüquq və maliyyə meyarlarını yerinə yetirdikləri üçün aşağıdaki klublara lisenziya verilsin (ƏSAS: UEFA-nın klub yarışlarında iştirak etmək üçün Azərbaycan Futbol Klublarının Lisenziyalaşdırılması üzrə Qaydalarının 9-cu maddəsinin 13-cü bəndi (versiya 5.0): AZAL PFK, "Bakı" FK, "Qarabağ" FK, "Qəbələ" İK, "İnter" PİK, "Neftci" PFK, "Xəzər Lənkəran" FK, “Simurq” PFK.

2. 2013/14 Azərbaycan Premyer Liqa yarışlarında iştirakla bağlı idman, infrastruktur, kadr-inzibati, hüquq və maliyyə meyarlarını yerinə yetirdikləri üçün aşağıdaki klublara lisenziya verilsin (ƏSAS: Azərbaycan Futbol Premyer Liqasında iştirak etmək üçün Klubların Lisenziyalaşdırılması üzrə Qaydaların 8-ci maddəsinin 13-cü bəndi (versiya 3.0): "Rəvan" FK, "Sumqayıt" FK.

3. Azərbaycan Futbol Premyer Liqasında iştirak etmək üçün Klubların Lisenziyalaşdırılması üzrə Qaydalarının 8-ci maddəsinin 13-cü bəndinin (versiya 3.0) d yarımbəndinə uyğun olaraq “Kəpəz” PFK, “Turan” PFK, "Qaradağ Lökbatan" FK, "Ağsu" FK, “Neftçala” FK, “Lokomotiv” FK-nın 2013/14 Azərbaycan Futbol Premyer Liqasında iştirak etməklə bağlı müraciətləri təmin olunmasın.

4. Lisenziya iddiaçısı lisenziya ilə bağlı imtina barədə verilmiş bildiriş tarixindən etibarən 10-gün müddətində Lisenziyalaşdırma üzrə Apellyasiya Komitəsinə apellyasiya şikayəti verə bilər.

Qeyd edək ki, yayılan söz-söhbətlərə görə, “Kəpəz” və “Turan” elitada qalacaqdı və aşağı dəstədən 2 klub növbəti mövsüm Premyer Liqada çıxış edəcəkdi. Ancaq Lisenziyalaşdırma Komissiyasının son iclası göstərib ki, həmin klubların lazım olan göstəricilərə cavab verməməsi onların elitada oynamaq arzusunun üzərindən xətt çəkib.