Qızılla gümüş arasında və ya “qardaşlar” üçün vida anı
01.05.2013 - 13:19
Qızılla gümüş arasında və ya “qardaşlar” üçün vida anı
Topaz Premyer Liqasının bu həftə keçiriləcək XXIX turu mükafatların paylanması baxımından müəyyən məqamlara aydınlıq gətirə bilər. Apasport.az saytının məlumatına görə, ilk “altılıq”da baş tutacaq qarşılaşmalar “İnter” və “Simurq” üçün vacib xarakter daşıyacaq.

Lakin tur “Neftçi” üçün də çox əhəmiyyətlidir. Bakılılar səfərdə “Qarabağ”a qalib gəlməklə, ilk 2 pillədən birini təmin edəcək. Çünki 60 xalı olacaq “ağ-qaralar”ı bundan sonra yalnız 1 klub keçə bilər. 54 xallı “Qarabağ” və bu tur qalib gələcəyi halda 53 xalı olan “İnter”in öz aralarında da oyunu olduğundan, bu turdakı qələbə “Neftçi”ni qızılla gümüşün arasında saxlayacaq.

“Neftçi”nin qələbəsi və “İnter”in öz meydanında “Bakı”ya məğlub olması halında isə “bankirlər” qızıl medal arzusu ilə vidalaşacaqlar. Hər 2 qarşılaşmada qonaqların qalib gəlməsi, “İnter”in çempion tituluna nəzəri şanslarını yox edəcək.

Hətta bu halda da “İnter”in mükafatlardan birini təmin etməsi mümkündür. “Simurq” öz meydanında “Qəbələ”yə uduzsa, “bankirlər” istənilən halda ən azı 3-cü olacaq. “Simurq”un 1 xal qazanacağı halda, “İnter”in də heç-heçə, zaqatalalıların qələbəsi halında isə eyni uğuru əldə etməsi də Kaxaber Sxadadzenin yetirmələrini ilk “üçlük”də saxlayacaq. Bu hallarda da “Simurq” bürünc ümidi ilə vidalaşacaq, “İnter” avrokuboklaar vəsiqəni indidən əldə edəcək.