Abdullah Avcı: Bunun faydasını görəcəksiniz
01.05.2013 - 23:01
Abdullah Avcı: Bunun faydasını görəcəksiniz
Futbol üzrə Türkiyə milli komandasının baş məşqçisi Abdullah Avcının apasport.az saytına müsahibəsi

- Bildiyimizə görə Bakıya ilk dəfədir gəlirsiniz...
- Düzdü. Azərbaycan və Türkiyə qardaş ölkələr olduğuna görə, belə bir tədbirdə iştirak etməkdən məmnun oldum və dəvət aldıqdan dərhal sonra Bakıya gəldim. Gəldiyim gündən qonaqpərvərliyiniz, mehribançılığınız məni məmnun etdi. Futbol federasiyasının, klublarınızın gənclərə bu cür şərait yaratması çox sevindirici haldır.

- Futbol veteranları yaşıl meydanlara döndü. Onlara qarşı oynamaq çətin deyil?
- Hakan Şükür, Rüştü Rəcbər kimi Türkiyə futboluna xidmətləri olan insanların bu cür oyunlara gəlməsi heç vaxt unudulmayacaq.

- Azərbaycan futbolunu izləyirsinizmi?
- Əlbəttə. Futbolun inkişafı üçün çalışırlar. Bunun faydasını görəcəksiniz.

- Milli komandamızın oyunları haqda nə deyə bilərsiniz?
- Berti Foqtsla görüşdüm. Məlumdur ki, komandanız güclü rəqiblərin yer aldığı qrupda mübarizə aparır. Rusiya, Portuqaliya və İsrail kimi komandalarla başabaş mübarizə aparmaq üçün zamana ehtiyac var.

- Azərbaycan və Türkiyə yığmaları arasında keçirilən oyunlar hər zaman gərginliyi ilə yadda qalır. Bu cür rəqabət ölkənizdə necə qarşılanır?
- Rəqabət baxımından çox gözəldir. Hər kəs öz komandasının qələbəsini istəyir. Ona görə də meydandan kənarda qardaş olsaq da, yaşıl meydanda rəqibik.

- Rəhbərlik etdiyiniz komandanın dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində keçirdiyi oyunları necə xarakterizə edərdiniz?
- Qarşıda 4 görüşümüz var. Həmin oyunları udub yekunu gözləyəcəyik. Təbii ki, Rumıniya ilə səfərdə keçirəcəyimiz oyun bizim üçün final qarşılaşması olacaq.

- Türkiyə millisinin qeyri-sabit oyun sərgiləməsi nə ilə bağlıdır?
- Normal haldır. Çempionatımızda orta yaş həddi 30-a bərabərdir. Yeni bir komanda qururuq. 13-ü mənimlə birgə, dördü isə ilk dəfə millinin formasını geyinən futbolçularla yola çıxdıq. Hazırda yığmanın orta yaş həddi 23-24-ə bərabərdir.

- Azərbaycanda da “ay-ulduzlu”ların kifayət qədər azarkeşi var. Əksəriyyət komandanızın Braziliyaya – mundialın final mərhələsinə gedəcəyinə inanmır. Baş məşqçi kimi onları haqlı sayırsınızmı?
- Şansımız var, ancaq asan olmayacaq. Biz əsasən gələcəyə hesablanmış komanda qururuq. Bunun qarşılığını isə mütləq alacağıq.