Vəli Qasımov: Ulduzlara qarşı oynamaq fəxrdir
01.05.2013 - 23:02
Vəli Qasımov: Ulduzlara qarşı oynamaq fəxrdir
“Fikrimcə, hər iki komandanın ifasında maraqlı oyun alındı. Futbolçular yaşlı olsalar da, ustalıq səviyyələrini göstərdilər. Bu imkanı bizə yaratdığı üçün AFFA prezidenti Rövnəq Abdullayevə təşəkkür edirəm”. Bunu apasport.az saytına açıqlamasında veteran futbolçumuz Vəli Qasımov deyib.

Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi ilə əlaqədar Azərbaycan və beynəlxalq veteran futbolçular arasında təşkil edilən yoldaşlıq matçında meydana çıxan Vəli Qasımov gənclik illərini yada salıb. Vaxtilə Rusiya, İspaniya, Portuqaliya kimi ölkələrdə legioner həyatı yaşamış hücumçu rəqib qapısına 2 qol vurub.

Üstəlik, futbolçu kimi standart vəziyyətlərdən vurduğu qollarla da yadda qalan Qasımov vərdişini itirmədiyini də göstərib. Belə ki, onun yerinə yetirdiyi cərimə zərbəsi zamanı top qapı çatına dəyərək geri dönüb. Oyundan sonra matçla bağlı fikirlərini bölüşən veteran futbolçu hesabdakı üstünlüklərini sona yaxın əldən vermələrinə də aydınlıq gətirib: “Bu cür oyunlarda hesab heç vaxt önəmli olmur. Matçın sonuna yaxın 3:1 hesabı ilə üstün olsaq da, yekunda bərabərlik qeydə alındı. Biz son iki qolu bilərəkdən buraxmadıq. Sadəcə, belə alındı. Məncə, bu gün meydanda azarkeşlərin gözlədiyi şou alındı.
Ulduz futbolçulara qarşı oynamaq fəxrdir. Ölkəmizə gəldiklərinə görə, onlara da təşəkkürümü bildirirəm” .