Şahin Diniyev: Qarşıma məqsəd qoymamışdım – MÜSAHİBƏ
02.05.2013 - 17:00
Şahin Diniyev: Qarşıma məqsəd qoymamışdım – MÜSAHİBƏ
Azərbaycan millisinin sabiq baş məşqçisi Şahin Diniyevin apasport.az saytına müsahibəsi

- Beynəlxalq veteranlar yığması ilə yoldaşlıq görüşündə komandamızın heyətində ən yaxşılardan idiniz. Hər halda, hər 3 məhsuldar ötürməni cinahdan siz verdiniz...
- Buna fikir verməmişdim. Komanda yoldaşlarımın fərqlənməyi üçün çalışdım. Bunlardan ikisində Vəli Qasımov, bir dəfə Samir Ələkbərov ötürməmdən sonra topu qapıdan keçirdi.

- Motivasiyanız belə böyük idi? Sizə əsas nə stimul verdi?
- Sadəcə, oynamaq marağı vardı. Çoxdandır meydançaya çıxmırdıq. İstəyirdik nəyimiz var, meydanda qoyaq, özümüzü göstərək. Futbol üçün çox darıxmışdım. Həm də azarkeşlər gəlmişdi və onları məyus etmək istəmirdik.

- Ulduz futbolçulardan təşkil olunan rəqib necə təsir bağışladı?
- Çox təcrübəli, topla yaxşı oynayan komanda idi. Onlarda liderlər də vardı. Müdafiədə daha çox etibarlı oynayırdılar. Mənə elə gəlir ki, Duayt York onların ən yaxşısı idi.

- Gördüyünüz kimi, rəqibin kapitanı olan bu hücumçu çox yaxşı formadadır...
- Futbolu yeni qurtarıb. Hər halda, “Mançester Yunayted”də oynayıb. Həm də özünə baxan futbolçudur. Əsas odur ki, yaxşı, maraqlı oyun alındı. Sağ olsun həm təşkilatçılar, həm də dünya ulduzları ilə bizim komanda. Fikrimcə, heç kim azarkeşləri məyus etmədi.

- Matçın taleyini sizin də daxil olduğu orta nəslin nümayəndələri həll etdi. Bu, nəyin göstəricisidir?
- Yaş fərqi var ki, bunu nəzərə almaq lazımdır. İstər-istəməz yaş öz sözünü deyir. Əlbəttə, arada 15-20 ilin fərqin olmağı hər şeyi həll edir.

- 3:1 hesabı ilə irəli olduğunuz matçı qələbə ilə başa vurmaq olardı?
- Bu, dostluq matçı idi və onun dostluq hesabı ilə də qurtarmağını istəyirdik. Biz 3:1 hesabı ilə qabaqda idik və onların 2 qol vurmağına imkan yaratdıq. Bu oyunda uduzan olmamalı idi.

- Siz də qarşınıza məqsəd qoymuşdunuz ki, məhsuldar ötürmələri verəcəksiniz...
- (gülür) Qarşıma məqsəd qoymamışdım, sadəcə, belə alındı.

Mehman SÜLEYMANOV
0