Böyükağa Hacıyev qayıdır
03.05.2013 - 09:00
Böyükağa Hacıyev qayıdır
“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyevin cəzası başa çatıb. Apasport.az saytının məlumatına görə, çalışdırıcı komandasını Topaz Premyer Liqasının XXIX turunda “Qarabağ”la çempionluq uğrunda çox vacib olan sabahkı səfər oyununa çıxara biləcək. Bunadək həmin funksiyanı köməkçisi Tərlan Əhmədov yerinə yetirirdi.

Maraqlıdır ki, Hacıyev məhz ağdamlılarla çempionat matçında cəzalanaraq, onunla dueldə də “texniki zona”ya qayıdır. O, XXV tur çərçivəsində aprelin 6-da “Bakcell Arena”da 1:2 hesabı ilə uduzduqları matçdan sonra keçirilən mətbuat konfransında AFFA və Peşəkar Futbol Liqasının ünvanına xoşagəlməz sözlər işlətdiyinə görə İntizam Komitəsi tərəfindən 10 oyunluq kənarlaşdırılmışdı.

Bu isə baş məşqçi üçün cari çempionatın bitdiyi demək idi. Ancaq sonradan AFFA-nın Apelyasiya və Ekspert Komitəsi “Neftçi”nin şikayətinə baxaraq, cəzanı 3 oyuna endirdi.

Qeyd edək ki, çempionatla kubokun cəzaları bir-birinə şamil olunmadığından, “Neftçi”nin ağdamlılarla yarımfinal oyunlarında Hacıyev iş başında idi.