“Rəvan” “Sumqayıt”la oyun öncəsi hazırlıqlarına yekun vurdu
03.05.2013 - 21:23
“Rəvan” “Sumqayıt”la oyun öncəsi hazırlıqlarına yekun vurdu
“Rəvan” Topaz Premyer Liqasının XXIX turu çərçivəsində sabah qarşılaşacağı “Sumqayıt”la oyuna hazırlığı başa vurub. Apasport.az-ın klubun saytına istinadən məlumatına görə, komanda bu gün keçirilən məşqi başa vurduqdan sonra oyun saatını gözləməyə başlayıb.

Matç öncəsi son hazırlıqda baş məşqçi Ramil Əliyev futbolçuları çox yormayıb. Yüngül qaçışdan sonra sadə təmrinlər yerinə yetirən oyunçular ardından toplu çalışmalara vaxt sərf edib. Məşqin sonluğu isə qapıya zərbələr üzərində işləməyə həsr edilib.

“Uçan aslanlar”ın heyətində yenə Nikolay Orlovski ümumi qrupdan ayrı məşq edib. Ayağında zədəsi olan moldovalı müdafiəçinin oynayıb-oynamayacağı matç günü müəyyənləşəcək. Amma komandanın həkimi Ceyhun Əliyev Nikolayın meydana çıxmaq şansının az olduğunu bildirib. Digər tərəfdən, Orlovski oynamasa belə, Orxan Lalayev onu əvəzləməyə tam hazırdır. Gənc müdafiəçi vərəqə limitini doldurduğuna görə üzləşdiyi 1 oyunluq cəzasını başa vurub və meydana çıxmağa can atır.

Qeyd edək ki, sabah keçiriləcək oyun “Bayıl stadionu”nda baş tutacaq və saat 17:00-da başlayacaq.