İlk “abunəçi”ni “Xəzər Lənkəran” müəyyənləşdirdi
04.05.2013 - 10:00
İlk “abunəçi”ni “Xəzər Lənkəran” müəyyənləşdirdi
“Xəzər Lənkəran” Topaz Premyer Liqasında cari mövsümün ilk “abunəçisi”ni müəyyənləşdirdi. Apasport.az saytının məlumatına görə, bu, XXIX turda “Kəpəz”lə ev oyununda qazanılan qələbə ilə gerçəkləşdi.

Bununla da son pillədə gedən, I diviziona düşməyi çoxdan dəqiqləşən gəncəlilər bu çempionatda eyni rəqibə 12 xal verən ilk komanda kimi tarixə düşdü. “Kəpəz”in baş məşqçisi olan Mahmud Qurbanov vaxtilə kapitanı kimi heyətində “qızıl dubl” etdiyi lənkəranlılarla son matçda minimal hesabla uduzdu.

Cənub təmsilçisi cari çempionatda bunadək rəqibinə evdə 4:0, səfərdə 1:0 və 2:1 hesabı ilə qalib gəlmişdi. Dörd qələbədən son ikisini “Xəzər Lənkəran”ın baş məşqçisi Con Toşak qazanıb. Maraqlıdır ki, uelsli mütəxəssisin komandada ilk qələbəsi məhz “Kəpəz”lə aprelin 6-da “Dalğa Arena”dakı oyuna təsadüf etdi. İlk 2 nəticə isə sabiq baş məşqçilər Yunis Hüseynovla ispaniyalı Karles Martorell Bakesin hesabında olub. Bakesin də ilk qələbəsini məhz gəncəlilər üzərində qazanmağı maraq doğuran məmqadır.

Ümumiyyətlə, “Xəzər Lənkəran”ın Gəncə təmsilçisi ilə oyunları adətən uğurlu alınır. Təsadüfi deyil ki, komanda onunla 12 matçdan yalnız 1-də uduzub. Bu, 2010-cu ilin oktyabrın 17-də Gəncədə 1:4 hesablı məğlubiyyətlə reallaşıb. Bu, həmin vaxt “Xəzər Lənkəran”ın baş məşqçisi olan rumıniyalı Mirça Rednikin ilk məğlubiyyəti olmuşdu.

Qeyd edək ki, “İnter”in prezidenti Georgi Nikolov vaxtilə saytımıza açıqlamasında 1 komandanın eyni rəqibə daim uduzmasını onun “abunəçisi” olması ilə izah etmişdi.
0