Bir uğursuz seriya qırıldı, digəri davam edir
04.05.2013 - 11:12
Bir uğursuz seriya qırıldı, digəri davam edir
“Simurq” Topaz Premyer Liqasında qələbə həsrətinə son qoyub. Apasport.az saytının məlumatına görə, cəzalı baş məşqçisi Georgi Çixradzenin yoxluğunda Zaqatala təmsilçisi 52 gündən sonra meydanı qalib tərk edə bilib.

Bu, XXIX turda “Qəbələ” ilə ev oyununda qazanılan 2:0 hesablı qələbə sayəsində mümkün olub. Komandaya qələbəni Nicat Qurbanov etdiyi dublla qazandırıb.

Zaqatalalılar bunadək sonuncu qələbəsinin “altılığ”ın ilk turunda “Qarabağ”la matçda qazanmışdı – 1:0. Zaqataladakı həmin oyunda da 3 xalı qazandıran qolun müəllifi gənc futbolçu – Rəşad Eyyubov olmuşdu. “Simurq” bundan sonra 5 oyun, 52 gün qələbə qazana bilmirdi. Komandanı son oyuna məşqçi İqor Getman çıxarıb.

“Qəbələ”nin isə qələbəsizlik həsrəti davam edir. Belə ki, “altılıq”da qalib gələ bilməyən yeganə komanda sonuncu dəfə təsnifat mərhələsində 3 xala sevinib. Bu, XXI turda fevralın 23-də “Xəzər Lənkəran”la ev oyununda gerçəkləşib – 2:0. Qəbələlilər “altılığ”a vəsiqə qazandıran həmin bu qələbədən sonra artıq 8 oyundur, 69 gündür qalib gələ bilmir.

Qeyd edək ki, “Qəbələ” Ramiz Məmmədovun istefasından sonra 5 oyundur ispaniyalı baş məşqçi əvəzi Luis Araqonun rəhbərliyi altında çıxır.