“Çixradzenin vurduğu azarkeşi tapmaq mümkün deyil”
04.05.2013 - 13:38
“Çixradzenin vurduğu azarkeşi tapmaq mümkün deyil”
“AFFA-nın Ekspert və Apelyasiya Komitəsinin gələn həftə iclası olacaq. Ancaq qaydaya görə, biz gündəlikdə duran məsələləri açıqlamırıq”. Bu fikirləri apasport.az saytına açıqlamasında AFFA-nın Ekspert və Apelyasiya Komitəsinin üzvü Rəmiş Malıyev deyib. Assosiasiyanın İntizam Komitəsi bu həftə keçirdiyi iclasında “Simurq”un gürcü baş məşqçisi Georgi Çixradzeni Topaz Premyer Liqasında “Bakı” ilə matçdan sonra azarkeşi vurub söydüyünə görə 10 oyunluq cəzalandırılıb.

Ekspert və Apelyasiya Komitəsində məsul katib olan Malıyev Zaqatala təmsilçisinin çalışdırıcısına verilən qərarla bağlı şikayət etdiyini və buna növbəti iclaslarında baxılacağını bildirib: “Mən sizə bu olayla bağlı ilk dəfə açıqlama verəndə, tam məlumatım yox idi. Sonra məsələni araşdırdım və bir sıra detallar məlum oldu. Verilən məlumata görə, həmin şəxs sərxoş olub, baş məşqçini təhqir edib. O da bunun qarşılığında azarkeşi vuraraq, onu söyüb. “Simurq”un azarkeşləri bunu etməzdi. Həmin şəxs “Bakı”nın da azarkeşi olmayıb. O, şəxsiyyəti məlum olmayan kənar bir adamdır”.

AFFA-nın hüquqşünası olan həmsöhbətimizin sözlərinə görə, komitənin iclasında baş məşqçinin, AFFA nümayəndəsinin fikirlərinə baxılacaq və müzakirələrdən sonra qərar veriləcək: “Azarkeş isə yoxdur, onu tapmaq mümkün deyil. Bu olay tərəflərin bir-birinə təhriki nəticəsində yaranıb. Əslində, azarkeşlərin davranışına nəzarət etmək olmur. Azarkeş onun ünvanına təhqir işlədəndə, baş məşqçi emosiyalarını cilovlaya bilməyərək, belə hərəkət edib. İstənilən halda, çalışdırıcı belə hərəkətə yol verməməlidir”.

Mehman SÜLEYMANOV