“Belə söhbət varsa, komanda mənsiz olsa daha yaxşıdır” – MÜSAHİBƏ
04.05.2013 - 17:20
“Belə söhbət varsa, komanda mənsiz olsa daha yaxşıdır” – MÜSAHİBƏ
“Qəbələ”nin kapitanı Rəşad Abdullayevin apasport.az saytına müsahibəsi

- Komandadan gedişiniz necə baş tutdu?
- “Qarabağ”la oyundan sonra düşərgəni tərk elədim. Düzdür, rəhbərliklə hələ söhbətim olmayıb. Onlar həmişə mənə qarşı yaxşı olub, münasibətlərimiz yaxşıdır. Sadəcə, bu günlərdə onlarla oturub söhbət eləmək, halallaşmaq istəyirəm. Rəhbərliyə vəziyyətimi başa salmaq fikrindəyəm. Harda olmuşamsa, yaxşı oynamışam, nəticələrim olub. İstəyirəm ki, burdan da halallıq alım.

- Ailə vəziyyətinizdə problem var, yoxsa?
- Uşağımda problem vardı. Mən Qəbələyə ciddi fikirlər, nəticə qazanmağa getmişdim. Ancaq sonradan hiss elədim ki, problem, çətinliklər var, oynaya bilməyəcəyəm. Qışa kimi bizdə hər şey, komandamın vəziyyəti, öz oyunum yaxşı gedirdi. Sonradan nəsə problemlər oldu.

- Konkret nələr?
- “Qarabağ”la matçdan sonra gördüm ki, 1-2 azarkeş mənə tərəf səsləndi. Bir azərbaycanlı futbolçu kimi məndən istədilər soruşsunlar ki, komanda niyə oynamır. Belə pis çıxmasın, sözü özümə götürdüm. Onların fikrincə, Rəşad nə vaxtdır oynamır, səbəb nəsə başqadır. Mən də fikirləşdim ki, əgər belə söhbətdirsə, komanda mənsiz olsa daha yaxşıdır.

- Belə çıxır ki, komandanın uğursuz çıxışına görə bir kapitan kimi günahı daha çox özünüzə götürdünüz? Düşündünüz ki, etimadı doğrultmursunuz?
- Mən səmimi adamam. Səmimi deyirəm, hətta rəhbərlik də bilir ki, Ramiz Məmmədovun baş məşqçiliyi vaxtında bəzi oyunlarda futbolçuları dilə tutub meydana çıxardırdım. Çünki görürdüm ki, nəsə oynamaq istəmirlər.

- Niyə?
- Öyrəşiblər ki, hər il pullarını alıb oynasınlar. Mən isə elə şeyləri sevməmişəm. Həmişə çalışmışam ki, aldığım pulu əvəzini ödəyim. Sadəcə, o sözün məhz mənə deyilməyi xoşuma gəlmədi. Mən “Xəzər Lənkəran”da, “Neftçi”də olanda çoxlu azarkeşlər, gurultulu alqışlar qarşısında oynamışam. Heç vaxt mənim yanımda elə söz deyilməyib ki, niyə oynamırsınız. Ola bilər ki, mən də relsə düşərək, komandanın uğursuzluğunda mən də gedirdim. Onlar da sonradan mənə başa saldılar ki, qardaş, umacağımız sənsən, ona görə sənə deyirik. Mən də bundan ölçü götürərək, komandadan ayrılmaq istədim.

- “Qəbələ” mövsümü uğursuz başa vurur. Azarkeşlərin sözləri olmasaydı, qalmaq fikriniz vardı?
- Əlbəttə. Rəhbərlik mənə həm maddi, həm də mənəvi baxımdan yaxşı olub. Onlardan çox razıyam. “Qəbələ”də mənim üçün hərtərəfli yaxşı oldu. Təqdimatımdan tutmuş sonrakı dəstəyə qədər. Sadəcə, komandada oyunumu tuta bilmədim. Mən də istəyirdim ki, bir futbolçu kimi karyeramı yaxşı notlarda davam etdirim. Hardasa qırılma nöqtəsi olurdu, “altılıq”da 1 oyunda qalib gələ bilməmişik. Bu da bir zərbədir. Həmişə istəmişəm ki, “Qəbələ” qələbələrlə dolu olsun, yuxarılarda getsin. Azarkeş söhbəti olmasaydı, heç fikrim yox idi gedim.

- Sizcə, dediyiniz kimi 1-2 azarkeşin sözünə görə getmək olar?
- Ola bilər ki, komandanın uğuru var, ancaq 1 oyunçu sıradan çıxar. Buna razı olardım. Ancaq məhz mənə səslənmələri...Azarkeş həmişə haqlıdır, sözünü deməlidir. Ancaq fikrimcə, mənə deyilməməli idi. Mən həmişə, hətta baş məşqçisiz olanda, ispaniyalı əvəzləyicinin vaxtında komandanı yığırdım. Çünki biz hamımız “Qəbələ”nin adı-sanı üçün oynayırıq. Komandada bəzi futbolçular oynamırdı, bizdə də yerli futbolçular azlıq təşkil edirdi. Halbuki əvvəlki klublarımda görmüşəm ki, azərbaycanlılar üstünlük təşkil etsin. Burda isə mən və bir neçə gənc oynayırdı.

- Legionerlərin işə münasibəti bir kapitan kimi sizi razı salırdı?
- Onlardan bəziləri öz işlərinə laqeyd yanaşırdılar. Ancaq bir futbolçu kimi onlara irad tuta bilmərəm. Bu, mənim işim deyil. Sadəcə, həmin sözlərin mənə deyilməyi mənə pis təsir elədi. Komandada azərbaycanlı futbolçular çox olanda, adama rahat olur.

- İspaniyalı Luis Araqonla münasibətləriniz necə idi?
- Normal. Həmişə mənə hörmət edib, çağırıb məsləhət alıb. O da həmişəlik gəlməyib, adi icraçı adamdır. Özü də gələndə demişdi ki, 2-3 oyunluq gəlmişəm. İmkan daxilində birləşib nəsə edək. Çünki deyirdi ki, rəhbərlik qarşıma komandanın mövsümü heç olmasa yaxşı notda vurmaq vəzifəsi qoyub.

- Hesab etmirsiniz ki, “Qəbələ”nin yaratdığı bu cür şəraitin qarşılığında nəticə vermədiyiniza görə günah daha çox futbolçulardır və azarkeş də məcbur olub sizdən gileylidirlər?
- Günah futbolçularda da var, məşqçilərdə də. Qışa kimi hər şey əla gedirdi, 1-ci yerdən 4 xal fərqimiz vardı. Sonradan bəzi futbolçular oynamayanda, mən öz sözümü deyirdim ki, biz baş məşqçiyə yox, komandaya görə oynayırıq. Bu mövsüm 3 dəfə baş məşqçimiz dəyişib. Mən özümə pis götürdüm ki, necə olur, baş məşqçilər gedir, oyunçular qalır. Bu da düzgün deyil. Futbolçu da özündə məsuliyyət hiss eləməlidir ki, nəyə görə həmişə məşqçi getməlidir. Ramiz müəllimin mənə böyük köməyi oldu, o, mənə gələn kimi kapitanlığı etibar etdi. Yavaş-yavaş “Neftçi”dəki vaxtlarıma qaytardı. Mən də bir azərbaycanlı futbolçu kimi ona kömək etmək üçün əlimdən gələni edirdim. İstəyirdim ki, “Neftçi”dəki uğurumun davamını gətirim, heç olmasa avrokuboklara vəsiqə qazanaq.

- Bəlkə rəhbərlik getməklə bağlı fikrinizi dəyişdirdi?
- Bu günlərdə görüşüb söhbət edəcəyik. Ola bilsin ki, müqavilə təklif etdilər. Mən ilk öncə istəyirəm ki, onlarla bu mövsümə görə halallaşım. Rəhbərlik çatışmazlıqlara görə halallıq versin. Özləri də bilir ki, mən əlimdən gələni, nə bacarmışam etmişəm.

- Mövsümün son 3 oyununda düşərgədə olmaq fikrindəsiniz?
- Rəhbərlik desə, problem yoxdur, gedərəm. Mən elə insanam. Ola bilər ki, azarkeşin fikri kiməsə təsir eləməsin, ancaq mənə fakt elədi. Pis çıxmasın, mən komandada özümü ən titullu futbolçu sayıram. Orada elə bir oyunçu görmürəm ki, mənim qədər uğurları olsun.

- Karyeranızı Bakıda davam etdirmək fikrindəsiniz?
- Rəhbərliklə söhbət edəndən sonra karyeramı paytaxtda davam etdirmək istəyirəm. Bunun öz səbəbləri, bir az ailəmdə problemlər var. Buna görə Bakıda oynamaq mənə daha rahatdır. “Qəbələ” futbolçu karyeramda növbəti bir səhifə oldu. Mən özümdən daha çox komandanı fikirləşib, onun üçün xeyir vermək istəyirdim. Bunun necə olduğunu gələcəkdə mütəxəssislər, siz jurnalistlər dəyərləndirər. Ancaq titul baxımdan uğurlu alınmadı.

- “Neftçi”yə qayıtmaq haqda düşünürsünüz? Sizcə, ötən mövsüm müqaviləni uzatmayan komanda sizi yenidən istəyər?
- Bu mənim üçün doğma komanda olub. Ordan çıxanda bəzi səbəblər olmuşdu. Futbolda hər şey ola bilər. Mənim başqa klublarla söhbətlərim gedir. Bunlar arasında “İnter”, “Bakı”, AZAL var. Yəqin ki, onları daha çox nəzərə alacağam. Karyeramı hansı klubda davam etdirəcəyimi yaxın günlərdə dəqiqləşdirib, açıqlama verərəm.