Arif İsayevin 3-cü qolu “Dənizlispor”u liqada saxladı
05.05.2013 - 18:30
Arif İsayevin 3-cü qolu “Dənizlispor”u liqada saxladı
Türkiyə PTT I liqasının XXXIII turunda növbəti oyunlar keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının sabiq üzvləri Arif İsayevlə Rail Məlikovun çıxış etdiyi “Dənizlispor” səfərdə “Ankaragücü” ilə qarşılaşıb.

Görüşdə Dənizli klubu rəqibini məğlub edib – 3:0. Arif komandasının səfərdə 3 xal qazanmasında böyük pay sahibi olub.

Belə ki, meydana matçın 64-cü dəqiqəsində daxil olan İsayev 81-ci dəqiqədə ev sahiblərini cəzalandırıb. Onun vurduğu qol həm də oyunun yekununu müəyyənləşdirib. Bu, Arifin “Dənizlispor”da 3-cü qolu olub.

Baş məşqçi Özcan Bizati Məlikova Arifdən fərqli, start heyətdə şans verib. Millimizin sabiq müdafiəçisi qarşılaşmanı 90 dəqiqə meydanda keçirib.

Qeyd edək ki, Ariflə Railin komandası bu qələbədən sonra xalını 40-a çatdırıb. Hazırda turnir cədvəlinin 13-cü pilləsində qərarlaşan “Dənizlispor” bu qələbə ilə sona bir tur qalmış liqada qalmağı bacarıb.