Elhad Nəziri hara, çempionluq hara?
06.05.2013 - 11:41
Elhad Nəziri hara, çempionluq hara?
Çempionlar Liqasının 2013/14 mövsümünün II təsnifat mərhələsində çıxış edəcək daha 2 klub müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionunun da qatılacağı mərhələnin 34 iştirakçısından 18 artıq bəllidir.

Bu komandalardan ikisinin I təsnifat mərhələsinin qalibləri olacağını nəzərə alsaq, 32 komanda mübarizəyə məhz çempionumuzla eyni vaxtda başlayacaq.

Bu siyahıya qoşulanlar Tiflis “Dinamo”su ilə Buxarest “Styaua”sı olub. Sonuncular 7 ildən sonra Rumıniya çempionatında qazanılan qızıl medallara ümumilikdə 24-cü dəfə sahib çıxıblar. Buxarestlilər bunu çempionatın sonuna 5 tur qalmış rəsmiləşdirib. “Panduri” üzərində 2:0 hesablı qələbə bu komandalar arasında xal fərqini 16-ya çatdırıb.

Bundan istifadə edib 2-ci pilləyə yüksələn “Petrolul” da “Turnu Severin”lə qarşılaşmada xal itirməsi (2:2) üzündən çempionluq xəyalı ilə vidalaşıb. Hərdən-bir Azərbaycan yığmasında zühur edən Elhad Nəzirinin “18-liy”inə belə düşmədiyi “Petrolul” da çempiondan 16 xal geridə qalır.

14-cü çempionluğunu 5 il gözləyən Tiflis “Dinamo”su isə Gürcüstanda sona 2 tur qalmış 1-ci yerin taleyini həll edib. Onlar Kutaisi “Torpedo”sunu 4:0 hesabı ilə yenərək 2-ci olan “Dila” üçün əlçatmaz olub. Çempion izləyicisini 7 xal arxada qoyub.

Qeyd edək ki, “Styaua” II təsnifat mərhələsinin püşkü zamanı səpələnmişlər sırasında olacaq. Bu səbətdə “Seltik” (Şotlandiya), BATE (Belarus), “Dinamo” (Xorvatiya), “Elfsborq” (İsveç), “Molde” (Norveç), “Makkabi” (Təl-Əviv, İsrail), “Ekranas” (Litva), HİK (Finlandiya) klubları da yer alıb.

“Dinamo” isə İslandiyanın “Hafnarfyordur”, Uelsin TNS komandaları kimi hansı səbətdə yer alacağını gözləyir. Lakin bu 3 komandanın da Azərbaycan çempionu ilə birlikdə güclülər sırasında yer alacağı daha inandırıcıdır.

Estoniyanın “Nomme Kalyu”, Latviyanın “Dauqava”, Şimali İrlandiyanın “Kliftonvill”, Albaniyanın “Skenderbeu”, Qazaxıstanın “Şaxtyor”, İrlandiyanın “Sliqo Rovers” klubları, hələ adı bilinməyən Malta çempionu və I təsnifat mərhələsinin 2 qalibi isə səpələnmişlərə rəqib olacaq.