Nail Kərimov: Görsünlər, qorxu, çəkinmək söhbəti aradan qalxsın
06.05.2013 - 15:51
Nail Kərimov: Görsünlər, qorxu, çəkinmək söhbəti aradan qalxsın
“Ayaks”la oyunumuzu bir sıra məşhur hollandiyalı futbolçular izləyirdi. Onlar arasında Denis Berqkamp, Mark Overmars, Kiki Musampa, Ronald və Frank de Bur qardaşları da vardı. Həmin məşhurlar Stenli Brardın Qəbələ Futbol Akademiyasına direktor postuna təyinatından xəbərdar olduqları üçün onunla söhbət edirdilər”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Qəbələ” Futbol Akademiyasının direktor müavini Nail Kərimov deyib.

Avropa səfərindən qayıdan “Qəbələ”nin 15 yaşlılardan ibarət komandası (U-15) “Ayaks”, “Brügge” və “Fortuna” ilə yoxlama oyunları keçirib.

Kərimov bildirib ki, matçların ayrı-ayrı ölkələrdə olmağı təsadüfi deyilmiş: “Oyunlarımız 3 fərqli ölkədə keçirdik: Hollandiya, Belçika və Almaniyada. İstədik ki, Qəbələdə beynəlxalq turnirdə təmsilçimiz olan 15 yaşlılardan ibarət komandamız fərqli ölkələri, fərqli rəqibləri görsünlər, qorxu, çəkinmək söhbəti aradan qalxsın”.

Direktor müavini 2:0 hesabı ilə qalib gəldikləri “Brügge”nin baş məşqçisindən ünvanlarına xoş sözlər eşitdiklərini söyləyib: “O, bizə bu məğlubiyyətin dərs olduğunu bildirdi. Belçika klubunun çalışdırıcısı dedi ki, onlar başqa futbol oynayırlar, mübarizə aparmaq, istək aşağı idi. Ancaq bizimlə oyundan sonra gördülər ki, hələ çox dəyişmələrinə ehtiyacları var. “Fortuna”nın baş məşqçisi də bizə səfərə görə minnətdarlıq etdi, çıxışımızı maraqlı qarşıladı. Ona xeyli məlumat verdik”.

Qeyd edək ki, Hüseynqulu Quliyevin baş məşqçisi olduğu “Qəbələ”nin U-15-i “Fortuna”ya 3:1 hesabı ilə qalib gəlib, “Ayaks”la 1:1 hesablı bərabərliyə qalıb.

Mehman SÜLEYMANOV