Georgi Çixradze ilə bağlı şikayət baxılmamış sayıldı
06.05.2013 - 16:42
 Georgi Çixradze ilə bağlı şikayət baxılmamış sayıldı
Bu gün AFFA-nın Apellyasiya və Ekspert Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, toplantıda “Simurq” və “Xəzər Lənkəran” klublarının müraciətinə baxılıb.

Müzakirələrdən sonra AFFA-nın İntizam Komitəsinin “Simurq”un baş məşqçisi Georgi Çixradze barədə aprelin 30-da çıxarılan qərarla bağlı etdiyi müraciət baxılmamış saxlanılıb. Belə ki, araşdırmalar davam edir və məsələyə növbəti iclaslarından birində baxılacaq.

İntizam Komitəsinin “Xəzər Lənkəran” barədə çıxardığı qərar - Azərbaycan kubokunun yarımfinal mərhələsində “Bakı” ilə oyunda azarkeşlərin meydançaya daxil olmaları ilə bağlı cərimə qüvvədə saxlanılıb.

Qeyd edək ki, İntizam Komitəsi Çixradzeni “Bakı” ilə oyundan azarkeşi vurub söydüyünə görə 10 oyunluq cəzalandırmış, lənkəranlıları 5 min manat cərimələmişdi.

Mənbə: affa.az