Yunis Hüseynov: İndiki ağlım olsaydı...
07.05.2013 - 14:27
Yunis Hüseynov: İndiki ağlım olsaydı...
“Yuri Syominin rəhbərliyi altında cəmi 1 gün məşq eləmişəm. Ancaq Moskvada qala bilmədiyimdən, tezliklə qayıtdım. Bizim ən böyük bədbəxtçiliyimiz ondadır ki, başqa ölkədə qala bilmirik”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Yunis Hüseynov deyib.

48 yaşlı keçmiş yarımmüdafiəçi “Qəbələ”nin yeni baş məşqçisi təyin ediləcək Yuri Syominin rəhbərliyi altında az da olmuş tək-tük azərbaycanlılardandır.

Həmin dövrü yada salan Hüseynov bildirib ki, rusiyalı mütəxəssis onu “Lokomotiv”də görməyi çox arzulayırmış: “Bu, 90-cı illərin əvvəli idi, 25-26 yaşım vardı. Həmin vaxt Moskva klubu SSRİ çempionatının güclülər dəstəsində oynayırdı. Mən də “Neftçi”nin heyətində SSRİ çempionatında çıxışımdan tanınırdım. Syomin bir nəfərin vasitəçiliyi ilə mənə xəbər göndərmişdi ki, gəlsin, onu götürəcəyəm. “Lokomotiv” qalmağımı təkid elədi, mənim üçün hər cür şərait yaratmışdı. Ancaq darıxdığımdan, təkliflərini qəbul etmədim. Yadımdadır, komanda məşqdən çıxıb bazaya getdi, mən isə Bakıya (gülür)”.

Çalışdırıcı Syominlə sonradan üzləşmək imkanı qazanıb: “Onunla ötən yay “Xəzər Lənkəran”ı çalışdırdığım vaxtı Avstriyada təlim-məşq toplanışında görüşdük. Biz Syominin həmin vaxt baş məşqçisi olduğu Kiyev “Dinamo”su ilə yoldaşlıq görüşü keçirdik. Ona deyildi ki, bu, vaxtilə sizin komandanıza gəlmiş Yunis Hüseynovdur. Bu, Syominin yadına düşdü. O, yaxşı, tanınmış məşqçidir və uğurlar arzulayıram. Həmin vaxt gənc idim, indiki ağlım olsaydı, “Lokomotiv”də qalardım. Belə şansdan istifadə etmədiyimə görə indi peşmanam”.

Mehman SÜLEYMANOV