“Xəzər Lənkəran” daha bir legionerlə yollarını ayırdı
10.05.2013 - 16:32
“Xəzər Lənkəran” daha bir legionerlə yollarını ayırdı
“Xəzər Lənkəran” daha bir futbolçu ilə yollarını ayırıb. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, cənublular xorvatiyalı yarımmüdafiəçi Roberto Alvijin ardınca argentinalı hücumçu Lusiano Olqinlə vidalaşıb.

Komandanın heyətinə cari mövsümün qış fasiləsi zamanı cəlb olunan legioner haqqında son qərar bu gün onunla klubun ofisində keçirilən görüşdən sonra verilib.

Qarşılıqlı anlaşma əsasında Olqinlə “Xəzər Lənkəran” arasında olan müqavilə ləğv olunaraq futbolçuya gələcək karyerasında uğurlar arzulanıb. Lusiano da öz növbəsində formasını daşıdığı klubun qarşıdakı oyunlarda qələbə ilə meydandan ayrılaraq ən son Azərbaycan kubokunun sahibi olacağına ürəkdən inandığını dilə gətirib.

Qeyd edək ki, lənkəranlıların əsas heyətində möhkəmlənə bilməyən Lusiano daha çox ehtiyatda qalırdı. 7 oyunda (4-ü çempionat, 3-ü kubok) 397 dəqiqə meydanda olan 31 yaşlı ucaboylu hücumçu 4 sarı vərəqə alıb. Olqin yeganə qolunu Azərbaycan kubokunda “Rəvan”a 4:1 hesabı ilə qalib gəldikləri 1/4 final mərhələsinin cavab oyununda vurub.