Çempion Premyer Liqanı tərk etdi
15.05.2013 - 01:50
Çempion Premyer Liqanı tərk etdi
İngiltərə Premyer Liqasında XXXVII turdan təxirə salınan oyunlar keçirilib. Apasport.az saytının məlumatına görə, azarkeşlər iki qarşılaşmaya şahidlik ediblər.

Çempionlar Liqasına qatılmaq uğrunda mübarizə aparan “Arsenal” “Emireyts” stadionunda ötən həftə İngiltərə Federasiya Kubokunu qazanan “Uiqan”ı qəbul edib. Görüşdə “topçular” böyük hesablı qələbə qazanıb – 4:1.

Meydan sahiblərinin heyətində Lukaş Podolski dubl edib. Teo Uolkottla Aaron Remsi isə hərəyə bir dəfə fərqlənib. Qonaqların yeganə qoluna isə Maloni Şonun imza atıb.

Bu məğlubiyyətdən sonra “Uiqan” 35 xalla turnir cədvəlinin 18-ci pilləsində qalıb və Premyer Liqanı rəsmən tərk edib. Həmçinin “Uiqan” Federasiya Kubokunu qazanan və Premyer Liqanı tərk edən ilk komanda olub.

Digər görüşdə isə “Mançester Siti” ilə “Ridinq” üz-üzə gəlib. Qarşılaşmada “şəhərlilər” meydandan 2:0 hesablı qalib ayrılıb. Hesabı 40-cı dəqiqədə Serxio Aquero açıb. Matçın başa çatmasına 2 dəqiqə qalmış isə Edin Dzeko “Ridinq”i həm növbəti dəfə mərkəzdən başlamağa məcbur edib, həm də oyunun yekun nəticəsini müəyyənləşdirib.


İngiltərə Premyer Liqası
XXXVII tur
14 may
“Arsenal” – “Uiqan” – 4:1
Podolski, 11; 68, Uolkott, 63, Remsi, 71

“Ridinq” – “Mançester Siti” - 0:2
Aquero, 40, Dzeko, 88