Medalçıları dəqiqləşdirə bilən tarix
13.05.2013 - 09:35
Medalçıları dəqiqləşdirə bilən tarix
Topaz Premyer Liqasında XXXI tur komandaların medal kolleksiyasına tam aydınlıq gətirə bilər. Apasport.az saytının məlumatına görə, “Neftçi”nin qızıl, “Qarabağ”ın gümüş, “İnter”in bürünc mükafatçı olmağının artıq sabah rəsmiləşməyi mümkündür.

Düzdür, 21-ci milli çempionatın medalçılarının məhz bu üçlük olacağı bir müddət öncə dəqiqləşmişdi. Ancaq kimin hansı əyara sahib çıxacağı hələ açıq qalır.

“Neftçi”yə ardıcıl 3-cü çempionluğu qazanmaq üçün “Qəbələ” ilə səfər matçında 1 xal da yetərlidir. Ancaq “Qarabağ” eyni vaxtda başlayacaq “Bakı” ilə ev oyununda xal itirərsə, lider uduzsa belə, qızıl medalçı olacaq.

Daha çox ümidini gümüş medala bağlayan “Qarabağ” istəyinə çatmaq üçün özünün qələbəsini, ən yaxın izləyicisi “İnter”in xal itirməyini gözləməlidir. Bu isə 1 xal qabaqladığı rəqibinin “Simurq”la səfər matçında gerçəkləşməlidir. “Qardaşlar”ın təsnifat mərhələsində Zaqataladakı matçı meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə nəticələnib.

Çempionatımızın əsasnaməsinə görə, yalnız 1-2-ci yerlərin sahibinin sonda eyni xalı olarsa, şəxsi oyunlara baxılmayaraq, çempionu müəyyənləşdirmək üçün “Qızıl oyun” təyin edilir. Ancaq digər pillələrlə bağlı belə istisna yoxdur. Deməli, “Qarabağ”ın “İnter”lə şəxsi oyunlarda üstünlüyü onun işinə yarayacaq. Belə ki, 3 oyun heç-heçə (2 dəfə 0:0, 1 dəfə 1:1) nəticələnibsə, 1 matçda ağdamlıların 3:2 hesablı qələbəsi var. Yəni son tur öncəsi “Qarabağ”la “İnter” arasında 3 xal fərq olarsa, gümüş və bürünc medalçının adının dəqiqləşdiyini deyə bilərik. Ağdamlılar çempionata “Simurq”la, “İnter” “Qəbələ”, “Neftçi” “Bakı” ilə ev oyunu ilə yekun vuracaq.

Qeyd edək ki, “Qarabağ” 2008-ci ildən baş məşqçisi olan Qurban Qurbanovun vaxtında ilk 3 mövsümdə bürünc qazanıbsa, ötən il medalçılardan kənarda qalıb. “İnter” isə çempionatımızın son bürünc mükafatçısıdır.